Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli azfutzal.az-a püşkü dəyərləndirib:
“Yunanıstan futzalçıları ilə son illərdə tez-tez qarşılaşırıq. Bu ölkənin millisinin özəyini təşkil edən AEK klubu ilə, eləcə də Yunanıstan yığması ilə qarşılaşmışıq. Oyunlar həm bizim, həm də rəqibin meydanında baş tutub. Onlarla görüşün favoriti Azərbaycan millisi hesab edilir. Əgər fors-major hadisə baş verməzsə, biz hər iki matçda qələbə qazanmalıyıq.
Polşa yığmasına gəldikdə, həqiqətən onlar son illərdə inkişaf edən xətt üzrə qrafik cızır. Son Avropa çempionatına da vəsiqə qazanıb onlar, 4 il əvvəlki qitə birinciliyinin də iştirakçısı olublar. Niderlandda Rusiya - Polşa matçını izləmişdik. Reytinq göstəricisində biz favoritik, amma bunu meydanda da göstərməliyik ki, elit-raunda qrup lideri kimi vəsiqə qazanaq.
UEFA Çempionlar Liqasına gəldikdə, “Mostar” oyunları doğma meydanda keçirəcək ki, bu önlar üçün üstünlük olacaq. Komandanın bir neçə üzvü ölkəsinin millisində çıxış edir. Hansı ki, həmin yığma ilə son Avropa çempionatında üz-üzə gəlmiş, qələbə qazanmışdıq. Səhv etmirəmsə, “Mostar”la da qarşılaşmışıq. Digər iki komanda D və F qrupunun qalibi olacaq. D qrupuna diqqət yetirsək, yeganə vəsiqə uğrunda Serbiya və İsveçrə çempionları mübarizə aparacaq. F qrupuna gəldikdə, Gürcüstan və Almaniya təmsilçilərinin mübarizəsi maraqlı olacaq. Gürcüstan futzalı da son illərdə inkişafdadır. “Georgians” klubunun heyətində vaxtilə bizim çempionatda iştirak etmiş futzalçılar da yer alıb. Almaniyada da bu idman oyunu sürətlə inkişaf edir. “Ştutqard” reytinq cədvəlində irəliləyib. Bütün bunlara baxmayaraq, “Araz-Naxçıvan”ın da qarşısına məqsəd qoyulub. Ötən il “Uraqan”a uduzmaqla mübarizəni dayandırdıq, amma bu dəfə fərqli nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Hazırda heyətin gücləndirilməsi istiqamətində işlər gedir. Verilən tapşırığı maksimum dərəcədə icra etməyə çalışacağıq. Çünki Çempionlar Liqasında daha yaxşı nəticə qazanmaq istəyirik”.