Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilən iclasda ötən mövsümlə bağlı (həm liqalar, həm də milli komanda) hesabatlar dinlənilib. Zaur Axundov AFFA rəhbərliyinin bu sahənin inkişafı üçün federasiyaya böyük dəstək verdiyini qeyd edib, milli komandanın 2024-cü ildə keçiriləcək dünya çempionatı ilə bağlı hədəfini açıqlayıb. Qeyd edilib ki, dünya çempionatının final mərhələsinə ilk dəfə 2016-cı ildə vəsiqə qazanan və yekunda 5-ci pilləni tutan millimizin növbəti mundialın iştirakçısı olması üçün də lazımi şərait yaradılacaq. Strategiyanın saxlanılması şərtilə gənc futzalçıların əsas milliyə dəvət edilməsi üçün də işlərin görüləcəyi vurğulanıb. Başa çatmış futzal mövsümü haqda müzakirələr aparıldıqdan sonra, tez bir zamanda yeni mövsümün əsasnaməsinin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi ilə bağlı tapşırıq verib. Federasiyanın strukturunda da dəyişikliklər edilib. Vitse-prezident Rəmiş Malıyev tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib. Elşən Abasov və Rövşən Mirzəyev AFF-nin İcraiyyə Komitəsinin üzvü seçilib, E. Abasov həm də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin olunub.