Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırov və İsa Atayev karyerasını ölkə xaricində davam etdirəcək. Hər iki futzalçı əvvəlcə ölkə çempionu ilə yola davam etmək qərarı versələr də, Belçikadan gələn təklif fikrlərini dəyişib. Nəticədə onlar Belçika çempionatında çıxış edən “Futsal Beşiktaş Gent”lə anlaşıb. Müqavilə 1+1 müddətə imzalanıb.
Qeyd edək ki, “Futsal Beşiktaş Gent” klubu 2015-ci ildə Belçikada yaşayan türkiyəli iş adamları tərəfindən yaradılıb və idarə olunur. Komanda Belçikanın Birinci Liqasında iştirak edir. Birinci Liqada ümumilikdə 28 komanda yarışır. Onlar hər birində 14 komanda olmaqla 2 qrupa bölünürlər. Ancaq qrup qalibləri Yüksək Liqaya vəsiqə qazanır. “Futsal Beşiktaş Gent” son 3 mövsümü öz qrupunda ikinci pillədə başa vurub.
Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka komandadan ayrılıb.