UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın rəqibləri barədə məlumat vermişdik. Təmsilçimiz Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə qarşılaşacaq.
Bu turnirdə iki dəfə “Dördlər finalı”nda iştirak edən və hər iki cəhddə bürünc medal qazanan komandamız hazırkı rəqiblərindən yalnız “Mostar”la əvvəllər üz-üzə gəlib. 2005/06-cı il mövsümündə Bosniya və Herseqovinada təşkil olunan birinci təsnifat mərhələsinin matçında təmsilçimiz meydan sahiblərinə 2:4 hesabı ilə uduzub. Sonrakı illərdə “Araz-Naxçıvan” İsveç və Serbiya çempionları ilə qarşılaşıb. 2006/07-ci il mövsümünün elit-raunundunda Arkadi Belıyın rəhbərliyi altında komandamız Polşada Serbiya “Marbö”suna məğlub olub – 1:3. İki il sonra isə Böyükağa Hacıyevin rəhbərliyi altında “Araz-Naxçıvan” İsveç çempionu “Şkövde” ilə əsas mərhələdə üz-üzə gəlib və 11:1 hesablı qələbə qazanıb. Növbəti duel isə Serbiya çempionu ilə olub. 2009/10-cu il mövsümündə ölkə çempionu Xorvatiyada təşkil olunan əsas mərhələnin oyununda “Kolubara”nı sınağa çəkib. Serbiya klubuna 4:0 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” “Dördlər finalı”nın iştirakçısı olub və bürünc medal qazanıb.