...

“Bizim üçün prioritet Polşa ilə oyundur”


Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın azfutzal.az-a müsahibəsi

- Aktau şəhərindəki Halyk Arenada keçirilən ilk məşqdən sonra nələri qeyd etmək istərdiniz?

- Düzdür, zala uyğunlaşmaq baxımından ilk məşq əhəmiyyətli idi. Ancaq bura gələrkən problemlərdən qaça bilmədik. Söhbət heyətlə bağlı dəyişiklikdən gedir. İki oyunçumuz bizə qoşula bilmədi, məcburi dəyişiklik etməli olduq. Başqa şeylər düşünürdüm, amma indi fərqli situasiya ilə üz-üzəyəm. Amma heç nəyi dəyişmək mümkün deyil. Ona görə də vəziyyətlə barışıb, işləmək lazımdır. İki oyun üçün mümkün qədər yaxşı hazırlaşacağıq. Bu oyunlar dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçirəcəyimiz matça hazırlıq məqsədi daşıyır. Çoxlu məşq etməliyik, yoldaşlıq oyunları olsa da, səhvlərdən qaçmalıyıq.

Arena əladır, yeni inşa edilib, örtük də superdir. Bildiyim qədəri ilə oyun zamanı anşlaq olacaq. Aktauda futzala maraq böyükdür.

- Problem ancaq komandaya qoşula bilməyən futzalçılarla bağlıdır?

- Komanda olaraq tam hazır deyilik. Qallo (Everton Kardosa) və Baton (Cezar De Angelis Zhonatan) fiziki cəhətdən “axsayırlar”. Bu da anlaşılandır. Çünki Baton cəmi 1 həftə əvvəl yeni komandası ilə müqavilə imzalayıb və məşqlərə başlayıb. Qallo isə İndoneziya çempionatında fasilə yarandığına görə, bir müddətdir istirahət edirdi. 4 gündür bizimlə məşq keçir, ancaq bu qısa vaxtda formasını bərpa etməsi qeyri-mümkündür. Əlbəttə, bu da problem yaradır. Əsas odur ki, çatışmazlıqlarımız bu yoxlama oyununda ortaya çıxsın və Polşa ilə görüşə qədər tam hazır olaq. Bizim üçün prioritet Polşa ilə oyundur.

- Rəqib baş məşqçi Kaka da açıqlamasında gənc futzalçıları sınayacağını deyib...

- Qazaxıstan yığmasının heyəti ilə tanışam. Dəvət olunan futzalçıların 90 faizini Avropa çempionatının final mərhələsində iştirak edənlər təşkil edir. Həmin heyətdən Leo yoxdu. 2-3 yeni oyunçuya dəvət göndərib. Qalanı təcrübəli oyunçulardır. Bizim düşərgəmizdə də Xəzər Ağalızadə, Nurlan Mehdizadə kimi gənc futzalçılar var.

- Kapitan sarğısını kimə həvalə edəcəksiniz?

- Hazırda biz tam heyətlə toplaşmamışıq, ona görə də bu məsələyə aydınlıq gətirilməyib. Qazaxıstanla yoldaşlıq oyunlarında sarğını Rövşən Hüseynliyə həvalə etməyi düşünürəm. Amma rəsmi matçlardan əvvəl bu məsələyə yenidən qayıdacağıq. Kapitan ancaq sarığını daşımaq və oyundan əvvəlki rəsmi tədbirləri icra etmək üçün seçilmir. O, liderlik xüsusiyyətlərinə, bacarığına sahib olmalıdır. Heyətimiz tam toplaşdıqdan sonra kapitanımızı da seçəcəyik.

-  Yeri gəlmişkən, sentyabrın 19-da millimizin yer aldığı qrupda ilk oyun keçiriləcək. Polşa-Yunanıstan duelində kimi favorit görürsünüz?

- Polşanı cütün favoriti hesab edirəm. Onlar daha çox oyun keçirib, yaxşı hazırlaşıblar. Hətta Braziliya millisinə qarşı da oynayıblar. Yunanıstanla qarşılaşmada meydan amili də onların xeyrinə olacaq.