Sentyabrın 17-dən 20-dək Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışında olan və bu ölkənin əsas yığması ilə 2 yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin hücumçusu Rafael Vilelanın azfutzal.az-a müsahibəsi
- Hər iki oyunu ümumiləşdirsək, necə xarakterizə edərdin?
- Birinci oyunda daha yaxşı oynadıq. Xüsusilə də fasiləyə qədər üstün tərəf biz idik. İkinci hissədə yorulduq. İkinci qarşılaşmada da demək olar, eyni ssenari təkrarlandı. Bu dəfə iktilərimiz daha çox olduğuna görə, heyətimiz bir az da məhdudlaşmışdı. Yenə birinci hissədə əla mübarizə apardıq - qollar vurduq, az səhv etdik. İkinci hissədə yorğunluqdan qaynaqlanan səhvlərə yol verdik ki, təcrübəli Qazaxıstan futzalçıları bundan faydalandı. Ümumiləşdirsək, bizim üçün əla sınaq oldu. Yanvarda Avropa çempionatının oyunlarından sonra milli səviyyəsində matç keçirməmişdik. Bu görüşlər rəsmi oyunlardan əvvəl xeyrimizə oldu. Əlbəttə, vacib olan gələn ay Polşa və Yunanıstana qarşı keçirəcəyimiz oyunlardır. Dünya çempionatının əsas mərhələsinə iki qələbə ilə başlamaq istəyirik. Ona qədər heyətimiz də tam komplektləşəcək. Bu oyunlarda zədə və digər səbəblərdən iştirak etməyən futzalçılarımız komandaya qoşulacaq.
- Oyunlar sənin üçün məhsuldar alındı.
- Meydana çıxıramsa, deməli, komandama kömək etməliyəm. Hücumçuyam, qollar vurmalıyam, məhsuldar ötürmə verməliyəm, müdafiə olunanda arxa xətt oyunçularına kömək etməliyəm. Hər iki oyunda bunları gücüm imkan verdiyi qədər etdim. İkinci oyunda vurduğum sonuncu qolu xüsusilə fərqləndirmək istərdim. Onu da qeyd edim ki, biz fiziki baxımdan zəif deyilik. Sadəcə, futzalda meydanda olduğun müddətdə dayanmaq, istirahət etmək şansın yoxdur. Biz isə Aktauya məhdud heyətlə yollanmışdıq, üstəlik 2 oyunçumuz da birinci matçda zədələndi. Ona görə oyunda çox qalırdıq. Amma rəsmi oyunlar üçün hazırıq.
- “Kayrat”da çıxış edirsən. Qazaxıstan millisinin baş məşqçisi və əksər üzvləri ilə eyni klubun üzvüsən. Belədə onlara qarşı oynamaq, qol vurmaq çətin deyildi?
- (gülür) Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq. Bütün günü bir yerdə məşq edir, baş məşqçidən tapşırıqlar alırıq. Bu dəfə rəqib olsaq da, bir-birimizə yaxşı bələd idik. Buna görə də bir az çətinlik oldu – həm mənə, həm də bu dəfə rəqibim olan komanda yoldaşlarıma.
- Oyundan sonra Kaka sənə nə dedi?
- Hər iki matçda yaxşı oynadığımı dedi. Bir qədər dincəlməli, ardından Qazaxıstan çempionatının oyunlarına hazırlaşmalıyam.
- Millimizin yer aldğı qrupu necə dəyərləndirirsən?
- İki yaxşı komandaya qarşı oynayacağıq. Amma biz onlardan daha yaxşıyıq. Özümüzə inanırıq, şansımız böyükdür. Başqa nəticə haqda düşünmək istəmirəm.
- “Kayrat”a tam uyğunlaşa bilmisənmi?
- 100 yox, 60-70 faiz bu prosesi keçmişəm. Baş məşqçinin, eləcə də komanda yoldaşlarımın nə etmək istədiklərini bilirəm. Çempionata qədər hər şey qaydasına düşəcək.