...

Millimiz qələbə ilə başladı


DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün ilk oyununu keçirdi. Komandamız Bakı İdman Sarayında Polşa ilə üz-üzə gəldi. Ramiz Çovdarov və Eduardo Borges zədəli, Felipinyo isə cəzalı olduğuna görə heyətdə yer almamışdı. Emin Kürdov ilk dəfə komandanı rəsmi oyuna kapitan sarğısı ilə çıxarmışdı.

Millimizdən fərqli olaraq Polşa yığması qrupda artıq bir oyun keçirib.  Sentyabrın 19-da Yunanıstanla qarşılaşan rəqibimiz 3:0 hesablı qələbəyə sevinib. Oyunu isə ötən ay Aktauda Qazaxıstan millisi ilə yoldaşlıq matçında iş başında olmuş referilər idarə edirdi.

CBC Sport-la canlı yayımlanan oyunda  hesab 7-ci dəqiqədə açıldı. Mroviçin qoluna 10-cu dəqiqədə Xətai Bağırovla cavab verdik. Tyaqonun cinahdan parallel ötürməsini 10 nömrə tora qovuşdurdu. Növbəti qol da komandamızdan gəldi. Bu dəfə rəqibi fərdi ustalıqla keçən Vilela qarşısıalınmaz zərbə ilə toru silkələdi. Hissənin sonuna yaxın Tyaqo fərqi artırmağa yaxın oldu, son anda qapıçı inamlı oynayaraq komandasını qoldan xilas etdi. Yeri gəlmişkən, dünən Yunanıstanda “Olimpiakos”u məğlub edən “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges də Bakı İdman Sarayına təşrif buyurmaqla özünü ikinci hissəyə çatdırdı.

Fasilədən sonra ilk təhlükəli epizodu komandamız yaratdı. Vilela başla dəqiq oynaya bilsəydi, dubl etmiş olacaqdı. Forvard cəmi 1 dəqiqə sonra istəyinə çatdı. Bu dəfə topu “9-luq”a sancmaqla azarkeşləri sevindirdi. Rəqib cərimə zərbəsi zamanı fərqi azaltmağı bacardı. Amirin kobud oyunundan sonra “ev tapşırığı”nı yerinə yetirən Lesçak adını tabloya yazdırdı. 27-ci dəqiqədə tabloda yenidən bərabərlik yarandı. Bu dəfə Emin Kürdovdan dönən topu Kamil Surmiak dəqiq tamamladı. 34-cü dəqiqədə Sarayın tribunaları yenidən coşdu. Sol cinahla reyd edən Amadeunun ötürməsini Bolinya  məntiqi sonluğa çatdırmaqla hesabdakı tarazlığı xeyrimizə dəyişdi. 35-ci dəqiqədə rəqib 5 foul limitini doldurmuşdu ki, bu da komandamız üçün əlavə üstünlük sayıla bilərdi. Son saniyədə Tyaqo boş qapıya düşə bilmədi. Beləliklə qrupda ilk matçını keçirən millimiz çətin qələbə qazandı.

Komandamız növbəti oyununu oktyabrın 11-də Afinada Yunanıstana qarşı keçirəcək.

 

Azərbaycan – Polşa  (2:1) 4:3

DÇ-2024-ün əsas mərhələsi, 6-cı qrup

7 oktyabr. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)

Timekeeper: Rza Məmmədov (Azərbaycan)

Hakim-inspektor: Sven Eikler (Almaniya)

UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)

Qollar: Xətai Bağırov, 9:59, Rafael Vilela, 16:38, 23:08, Tyaqo Bolinya, 33:31 // Mateus Mroviç, 6:06, Sebastian Leszczak, 24:24, Kamil Surmiak, 26:39

Sarı vərəqələr: Amir Şocaei, 24:21 // Pauel Kanevski, 34:31

 

Azərbaycan

1. Emin Kürdov (q, k), 5. Fineo De Araujo, 9. Rafael Vilela, 13. Everton Cardoso “Qallo”, 14. Amadeu, 12. Rövşən Hüseynli (q), 19. Cavad Məmmədov (q), 3. Tyaqo Bolinya, 4. Fərid Ələkbərov, 6. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. İsa Atayev, 10. Xətai Bağırov, 20. Amir Şocaei

Baş məşqçi: Joze Alesio Da Silva

 

Polşa

1. Mixal Kaluza (q), 7. Mikolay Zastavnik, 8. Kamil Surmiak, 11. Mateus Mroviç, 13. Tomaz Kriezel (k), 12. Bartlomey Naurat (q), 5. Kasper Sendlevski, 10. Sebastian Lesçak, 15. Pauel Kanevski, 16. Kamil Roll, 17. Mixal Klaus, 19. Raymund Şetsla

Baş məşqçi: Blazej Korçinski

 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Azərbaycan

1

1

0

0

4-3

3

2

Polşa

2

1

0

1

6-4

3

3

Yunanıstan

1

0

0

1

0-3

0