Azərbaycan – Polşa oyunundan sonra baş məşqçilər mətbuat konfransında bu fikirləri səsləndirib:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Hazırlaşmaq üçün vaxtımız az oldu. Ancaq dünən tam heyətlə məşq etdik. Məşqdə planlaşdırdığımızı həyata keçirə bildik. Səhvlərimiz oldu. İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik. İstənilən halda, komandamı təbrik edirəm. Sona qədər intizama əməl etdilər. Polşa millisi güclü komandadır. 6-7 ildir bu heyət bir yerdə çıxış edir, fiziki və taktiki planda hazırlıqlı komandadır.
Qarşıda Yunanıstanla səfər oyunumuz var. Bu matçdan da 3 xal qazanmaq istəyirik. Bu iki görüşü maksimum nəticə ilə başa vursaq, gələn il dogma meydanda Yunanıstanı təkrar qəbul edəcəyik. Həmin dueldən də 3 xal qazanıb, aktivimizdəki xalların sayını 9-a çatdırmaq haqda düşünürük. Ümumiyyətlə, mərhələni qrup lideri kimi başa vurmaq istəyirik.
Rəqib sona 5 dəqiqə qalmış 5 foul limitini doldursa da, biz 10 metrlik cərimə zərbəsi vurmaq üçün əlavə foul qazana bilmədik. Belə məqamlarda Felipinyo daha uyğun oyuncudur. Çünki o, driblinqlər etməyi xoşlayır və belədə rəqib ona qarşı kobud oynayır. Təəsüf ki, bu gün o cəzalı olduğuna görə meydan çıxmadı. Fineo isə bu baxımdan işini görə bilmədi, imkan vermədilər”.
Blazej Korçinski (Polşa millisinin baş məşqçisi): “Oyun çətin keçdi. Çünki formalaşmış bir komandaya qarşı çıxış etdik. 5-6 futzalçımız zədəli olduğuna görə, Bakıya gətirə bilmədik. Matç artıq başa çatıb və bu görüşü unutmalıyıq. Azərbaycanla Polşada da oyunumuz var.
Oyundan əvvəl də, sonra da Azərbaycan millisi favoritlər siyahısındadır. Martda dogma meydanda keçirəcəyimiz görüşdə biz favorit kimi meydana çıxacağıq”.