DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Polşa ilə matça çıxan komandamız əzmkar qələbə qazandı. Matça marağı artıran məqamlardan biri də Emin Kürdovun ilk dəfə rəsmi oyunda millinin kapitan sarğısını daşıması oldu. Qarşılaşmadan sonra Azərbaycan millisinin kapitanı Emin Kürdov azfutzal.az-a müsahibə verib.
- Oyunla bağlı təəssüratlarını bilmək istərdik..
- Nəticə bizi qane etdi. Buna görə də həm komanda yoldaşlarımı, həm də azarkeşlərimizi təbrik edirəm. Görüş gərgin keçdi. Çünki rəqibimiz yaxşı təşkilatlanmış, hazırlıqlı komanda idi. Məşqçimiz də bu məqamı qeyd etmişdi. Biz də matçın çətin keçəcəyini anlayırdıq.
- Xüsusilə də qapımıza vurulan ilk qol gözlənilməz oldu. Hazır deyildin topu qaytarmağa?
- Həqiqətən də gözlənilməz oldu. Kuryoz qol alındı. Bu cür epizod rəqibdə də oldu. Onlarda top düz qapının mərkəzinə getdi və qapıçı özünü çatdıra bildi. Bizim qapıya gedən top isə küncə istiqamətləndi, ona görə tuta bilmədim. Bu da yeni bir təcrübə oldu. İstənilən halda diqqətli olmalı idim. Bu epizoda görə kimisə günahlandırmaq istəmirəm, məsuliyyət mənimdir.
- Hesabda 2 top fərqi ilə önə keçsək də, rəqibin status-kvonu bərpa etməsinə mane ola bilmədik. Nə baş verdi həmin dəqiqələrdə?
- Qəribə alındı. Bu ilk dəfə deyil, bu cür vəziyyətlə bir neçə matçda üzləmişik. Ola bilsin, hesabı qorumağa yox, daha çox qol vurmağa çalışırıq, ona görə də başımıza bu iş gəlir. Yenə sevinirik ki, sonluq bizim xeyrimizə oldu. Bu matçı finala bərabər hesab etmək olar. Məşqçimiz rəqibi çox gözəl analiz etmişdi. Onlar meydanda nə etdilər, əvvəlcədən bizə demişdi. Əlbəttə, səhvsiz oynamaq, rəqibin edə biləcəklərinin qarşısını tam almaq isə mümkünsüzdür.
- Bir neçə epizodda yerdə qaldın. Zədən var idi?
- Birinci hissədə rəqib ayağı ilə əzələmə vurdu. Buna görə də oyunu ağrılarla keçirdim. Karyeramda bəlkə də bu dərəcədə ağrı içərisində oyun keçirməmişdim. Dözdük, məqsədimizə çatdıq. Ağrısız, əziyyətsiz qələbə qazanmaq mümkün deyil.
- Qarşıda Yunanıstanla oyun var. Bu rəqib haqda nə düşünürsən?
- Heyətimiz bir qədər genişlənəcək. Felipinyo komanda ilə birgə olacaq. Oyuna yaxşı hazırlaşacağıq. Rəqib reytinq cədvəlində aşağı pillələrdə yer alsa da, hörmətlə yanaşırıq. Çünki indi zəif rəqib yoxdur, oyuna zəif yanaşma var.
- Kapitan kimi komandanı ilk rəsmi oyuna çıxardın. Özünü necə hiss edirdin?
- Əlbəttə, milli komandanın kapitanı olmaq qürurvericidir. Dəstək olduğuna görə məşçilərə də, komanda yoldaşlarıma da təşəkkür edirəm. Meydanda hər kəs öz işini bilir, məsuliyyətini anlayır.