Polşa ilə matçda müdafiədəki etibarlı oyunu ilə seçilən Amadeu qələbə qolunun vurulmasında da əsas pay sahibi oldu. Müdafiədə topu ələ keçirən və sol cinahla sürətli reyd edib qapıya paralel ötürmə edərək Bolinyaya fərqlənmək imkanı yaradan futzalçı azfutzal.az-a bunları deyib:
“Hamını təbrik edirm. Qələbə qazandığımıza görə sevinirəm. Çox çətin oyun oldu. Rəqibimiz də sona qədər mübarizədən qopmadı, təslim olmaq istəmirdi. Nəticədə ağır, gərgin qarşılaşma izlədik. Komanda yoldaşlarım meydanda gücləri çatdığı qədər mübarizə apardılar. Yekunda əməyimizin mükafatı olaraq qələbə qazandıq.
Üç ildən sonra Azərbaycan millisinə dəvət aldığıma görə, şadam. Bu formanı fəxrlə geyinirəm. Hazırda karyeramı Braziliyada davam etdirirəm. Klubumda daim oynayıram, yaxşı forma yığmışam. Ona görə də işimi orada davam etdirməkdən məmnunam. Amma hər zaman baş məşqçinin milli üçün çağırışına da hazıram. Millinin bütün oyunlarında iştirak etməyi çox istəyirəm. Əlbəttə, məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Dünənki oyun və əzmkarlıq göstərdi ki, bunun öhdəsindən gələ bilərik.
Yunanıstana qarşı komanda yoldaşlarım mübarizə aparıb. Düzdür, hər iki oyunda qələbə qazanmışıq. Ancaq bu işimizi asanlaşdırmır, əksinə daha məsuliyyətli olmalı, arxayınlığa yol verməməliyik. İnanıram ki, Afina səfərini də 3 xalla başa vuracağıq və ən azı marta qədər zirvədəki yerimizi qoruyacağıq”.