Dünya çempionatının əsas mərhələsinə Polşa üzərində əzmkar qələbə ilə başlayan Azərbaycan millisinin vurduğu 4 qolu yarısı Vilelanın aktivindədir. Oyunla bağlı forvard azfutzal.az-a bunları deyib:
“Oyundan və nəticədən razı qaldım. Bizim üçün vacib matç idi. Polşa qrupda əsas rəqibimizdi. Əlbəttə, iki qol vurmaqla komandama faydalı olmaq bir başqa sevincidir. Güclü oyunçulara sahibik və qarşıya qoyulan məqsədə çatmaq üçün potensialımız var. Oyundan-oyuna daha yaxşı olacağıq. İndi mövsümün əvvəlidir, bəzi futzalçılarımız tam formada deyil, zədəlilərimiz var və s.
Razıyam ki, hesab 3:1 olanda daha diqqətli oynamalı idik. Çünki qarşımızda güclü rəqib var idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Amma önəmli olan yekun nəticə idi ki, biz də bunu xeyrimizə dəyişə bildik.
Dünən istirahət etdik. Bu gün Bakıda Yunanıstanla oyuna hazırlıq üçün son məşqimizi keçəcəyik və Afinaya yollanacağıq. Yunanıstan millisinə hörmətlə yanaşırıq. Rəqibin zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə 3 xal verir. Biz də xal ehtiyatımızı artırmaq üçün mütləq qələbə qazanmalıyıq”.