DÇ-2024-ün əsas mərhələsi çərçivəsində millimiz ilk səfər matçına çıxıb. Komandamız bu dəfə Afinada Yunanıstan yığması ilə qarşılaşıb. Ötən seçmə mərhələdə də bu rəqiblə üz-üzə gələn futzalçılarımız Afinada 3, Bakıda isə 4 cavabsız qol vuraraq qələbə qazanmışdı. Joze Alesio Da Silva drujinası ilə yenə səfərdən 3 xalla dönməyi düşünür.
Yunanıstan – Azərbaycan (0:4) 0:7
DÇ-2024-ün əsas mərhələsi, 6-cı qrup
11 oktyabr. Afina. Teodoros-Putos İdman zalı. Saat 19:00
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (hamısı İsveç)
Timekepeer: Dimitrios Tzafolias (Yunanıstan)
Hakim-inspektor: Vilvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Artur Admiral (Niderland)
Qollar: Rafael Vilela, 1:43, Xətai Bağırov, 5:00, 15:17, Qallo, 17:32, 24:38, Bolinya 26:28, Felipinyo, 38:52
Sarı vərəqə: Spiridon Papakostas, 22:51
Yunanıstan
1. Dimitris Zervas (q), 3. Dimitrios Karavidas, 4. Seiti Ensi, 5. Lampros Tsinas, 7. Spiridon Kondilatos, 12. İoannis Kristopoulos (q), 6. Emmanouil Tsepas, 8. Panagiotis Qousis, 9. Marios Ntatis, 10. Kostas Panou, 11. Antonios Manos (k), 14. Teodoros Vlakos, 15. Spiridon Papakostas, 16. Andreas Tarnanidis
Baş məşqçi: İoannis Ziavas
Azərbaycan
1. Emin Kürdov (q, k), 9. Rafael Vilela, 13. Qallo, 14. Amadeu, 17. Felipinyo, 12. Rövşən Hüseynli (q), 3. Tyaqo Bolinya, 6. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 10. Xətai Bağırov, 20. Amir Şocayi, 2. Xəzər Ağalızadə
Baş məşqçi: Joze Alesio Da Silva
Heyətə gəldikdə, dəyişikliklər var idi. Polşa ilə matçdan fərqli olaraq bu dəfə Felipinyo sıraya dönmüşdü. Gənc Xəzər Ağalızadə də “14-lüy”ə daxil edilmişdi. Əvəzində Fineo zədəli olduğuna görə, Fərid Ələkbərov və Cavad Məmmədov isə səfərə aparılmadığına görə heyətdə yer almamışdı. Son məşqdə iştirak edən İsa Atayev isə səhhətində yaranmış problemlə əlaqədar oyunda iştirak etirdi. Təəssüf doğuran məqamlardan biri də Yunanıstanda oyuna marağın çox az olması, görüşün hətta internet vasitəsilə belə yayımına heç bir qurumun cəhd göstərməməsi idi. Sən demə, ölkədə əsas maraq göstərilən idman növü futbol və basketboldur. Elə görüşün keçirildiyi arenanın örtüyünün bərbadə durumda olması, hətta zalda geniş işçi heyəti üçün internet xidmətinin olmaması da mənzərəni ortaya qoyur. Onu da qeyd edək ki, Yunanıstan artıq qrupda bir oyun keçirib və səfərdə Polşaya 0:3 hesabı ilə yenilib. Bu rəqibimizin cari seçmə mərhələdə ilk ev oyunu idi. Oyunu federasiya rəhbərliyi ilə birgə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov və səfirliyin əməkdaşları da izləyirdilər.
Bütün bunların fonunda oyuna millimiz üstün başladı. Topa nəzarəti artıran komandamız 2-ci dəqiqədə hesabı açdı. Vilela qolun müəllifi oldu. Sonrakı 2 qol Xətai Bağırovun aktivinə yazıldı. Fasiləyə 3 dəqiqə qalmış hücumu məntiqi sonluğuna bu dəfə Qallo çatdırdı.
İkinci hissəyə komandamız nisbətən sakit başlasa da, tədricən təzyiqi artırdı və 25-ci dəqiqədə Qallo dubl etməklə fərqi də 5 topa çatdırdı. Sona 5 dəqiqə qalmış Alesio 19 yaşlı Xəzərə də rəsmi matçda debüt etmək imkanı yaratdı.
Son iki qol isə Bolinya və Felipinyonun hesabına yazıldı. Beləliklə komandamız ardıcıl ikinci oyunu da qələbə ilə başa vurdu.