Dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün Yunanıstanla qarşılaşan və 7:0 hesabı ilə qələbə qazanan millimiz hazırda qrup lideridir. Oyunda son qolu vuran Felipinyonun azfutzal.az-a açıqlaması:
“Dünya çempionatının seçmə mərhələsində asan oyun yoxdu. Yunanıstanla Afinadakı görüşünçətin keçəcəyini bilirdik. Çünki rəqibimiz ilk oyunda uduzmuşdu, bu dəfə isə doğma meydanda çıxış edirdi. Yaxşı oynadıq, nəticə də istədiyimiz kimi alındı. Amma 7:0 hesabı matçın heç də asan keçdiyi anlamına gəlməməlidir. Çünki rəqib təslim olmaq istəmirdi, sona qədər mübarizə apardı.
Polşa ilə matçda komandama kömək edə bilmədim. Əlbəttə, komanda yoldaşlarını kənardan izləmək çox çətin idi. Polşa da qrupumuzda əsas rəqibimizdir. İstəyirdim ki, çox kömək edim. Amma qırmızı vərəqə almağım bu görüşü buraxmağıma səbəb oldu. Ümumiyyətlə, çalışıram vərəqələrdən qaçım, amma buna hər dəfə nail olmaq mümkün olmur.
Aqressiv oyunçuyam. Bu xarakterimdən irəli gəlir. Təbii ki, heç kim vərəqə alıb, cəzalı duruma düşməyi istəməz”.