DÇ-2024-ün əsas mərhələsində bu gün Yunanıstanla qarşılaşan Azərbaycan millisi 7:0 hesabı ilə inamlı qələbə qazanıb. Oyundan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov azfutzal.az-a açıqlama verib:
“Komanda üzvlərini, eləcə də azarkeşlərimizi təbrik edirəm. Məhsuldar qələbə oldu. Polşa ilə oyundan əvvəl komandayla görüşəndə də qarşıya 2 oyundan maksimum xal toplamağı məqsəd qoymuşdum. İlk maçımız kifayət qədər çətin keçsə də, vacib olan 3 xalı qazandıq. Bu gün isə Afinada Yunanıstan yığması ilə üz-üzə gəldik. Əlbəttə, Polşa üzərində qələbədən sonra müəyyən arxayınlaşma ola bilərdi. Buna görə də komanda üzvləri ilə söhbət aparıldı. Uşaqlar yaxşı oynadı, sona qədər mübarizə apardı, böyükhesablı qələbə qazandıq. Hazırda 6 xalla yer aldğımız qrupun lideriyik, amma heç nə həll olunmayıb. Qarşıda daha 2 oyunumuz var. Həmin görüşlərə də yaxşı hazırlaşmalı, maksimum nəticə qazanmalı və elit-raunda yüksəlməliyik”.