...

Araz-Naxçıvan məğlubiyyətlə başladı


Bosniya və Herseqovinanın Mostar şəhərində təşkil olunan 5-ci qrupun oyununa “Araz-Naxçıvan” – “Orebro” matçı ilə start verildi. Təmsilçimiz səfərə zədədli futzalçılarla yollanmışdı. Ramiz Çovdarov, Snesio, Katatau və Anderu ancaq həkimin yardımından sonra oyuna çıxdılar. Rəqibimiz İsveç çempionu cari mövsümə ilkin mərhələdən başlamış, hər 3 oyunda qələbə qazanaraq qrup qalibi kimi əsas mərhələdə oynamaq hüququ qazanmışdı. Onların da heyəti əsasən cənubi amerikalılardan qurulmuşdu.

Alesio qapıda Deona şans verdi. Katatau və Çovdarov müdafiədə, Vitao və David isə hücumda yer almışdı. Deon həm də ehtiyac olduqca “beşinci oyunçu” funksiyasını yerinə yetirəcəkdi. Oyunda ilk təhlükəli vəziyyəti təmsilçimiz yaratdı. Vitinyo rəqib qapıçını keçsə də, zərbəsi tirə tuş gəldi. Ardınca Vitao rəqibə həyəcanlı anlar yaşatdı. İsveç təmsilçisi isə Melo ilə qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. Növbəti qol vəziyyətini David qaçırdı. O, Ramizin künc nöqtəsindən qapıya paralel ötürməsinin istiqamətini dəyişə bilmədi. Birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış birinci hakim zədədləndi və onu Jan Kresta əvəzlədi. 12-ci dəqiqədə 5 cərimə limitini dolduran “Araz-Naxçıvan” sona 2 dəqiqə qalmış 6-cı cəriməni etdi və rəqib 10 metrlik zərbə vurmaq hüququ qazandı. Senad Barişa fürsəti qaçırmadı.

İkinci hissə də ilk yarı kimi gərgin başladı. Qapılar qarşısında təhlükəli vəziyyət yaranmasa da, topa daha çox futzalçılarımız nəzarət edir. Amma yenə qolu rəqib vurdu. Henrik Rodriguesin zərbəsi Deon üçün qarşısıalınmaz oldu. 26-cı dəqiqədə fərqi minimuma endirdik. Vitinyo “doqquzluq”u dəqiq nişan almaqla intriqanı yenidən bərpa etdi. Amma bir neçə saniyə sonra qapımıza penalti təyin olundu. Deon bu dəfə də xilaskar ola bilmədi. 28-ci dəqiqədə “Araz-Naxçıvan” 3-ün 1-ə çıxsa da, hücumu məhsuldar sonluqla yekunlaşdırmağı bacarmadı.

Alesio son 10 dəqiqəni qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirdi. Andreu bu funksiyanı yerinə yetirirdi. Nəticə isə 35-ci dəqiqədə gəldi. Ramiz Çovdarov fərqi minimuma endirdi. Amma tələskənlik hər addımda təmsilçimizin işini çətinləşdirirdi. 37-ci dəqiqədə passivində 5 faul olan “Araz-Naxçıvan”dan Andreu 6-cı cəriməni etdi. Hakimin təyin etdiyi 10 metrlik cərimə zərbəsini Dias Alves dəqiq tamamladı. 37-ci dəqiqədə Pedronun zərbəsini qapıçı çətinliklə dəf etdi. Son dəqiqədə isə Alves boş qapıya düşməklə dubl etdi.

Təmsilçimiz qrupda növbəti oyununu sabah-oktyabrın 27-də Serbiyanın “Loznika Qrad-2018” komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.  

Araz-Naxçıvan – Orebro (İsveç) (0:1) 2:5

26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Qollar: Vitinyo, 25:01, Ramiz Çovdarov, 34:08 //  Senad Barişa, 18:31, Henrik Rodrigues, 23:50, Yoze Adalberto, 25:15 (pen.), Dias Alves, 36:30, 38:38

Sarı vərəqələr: Vitinyo, 13:18, Katatau, 18:39, Ponçe, 36:02, Andreu Varqas, 36:30

 

“Araz-Naxçıvan”

12. Mikael Deon (q), 7. Ramiz Çovdarov, 8. David Qustavo, 13. Viktor Hüqo “Vitao”, 21. Lukas Matheus “Katatau”, 19. Cavad Məmmədov (q), 3. Pedro Torres, 6. Ponçe, 10. Andreu Varqas, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov (k), 20. Sinesio

Baş məşqçi: Joze Alesio Da Silva

 

“Orebro” (İsveç)

1. Martin Herlin (q), 7. Yoze Adalberto, 8. Dias Alves, 9. Senad Barişa, 20. Maşado De Melo, 30. Emil Byorklund (q), 5. Amel Rastoder, 10. Leonardo Mieli, 11. Henrik Rodrigues, 15. Albin Byornram, 31. Ziya Kahramanoğlu (q), 61. Dino Qaraca, 99. 99. Husseyn Fauaz

Baş məşqçi: Francis Masiel Da Kosta