UEFA Çempionlar Liqasının əsas mərhələsində “Orebro” ilə keçirilmiş oyun haqda “Araz-Naxçıvan”ın hücumçusu Vitao azfutzal.az-a bunları deyib:
“Oyuna biz yaxşı başlamışdıq. Nəzarət bizdə idi, topla daha çox oynayan tərəf bizim futzalçılar idi. Amma cərimələri çox etdik və nəticədə birinci hissədə rəqibin 10 metrlik zərbə vurmasına şərait yaratdıq. Onlar da dəqiq oynadılar. Bu qoldan sonra bir qədər çaşqınlıq yaşadıq, oyun keyfiyyəti aşağı düşdü. Fasilədən sonra da səhvlərdən qaça bilmədik. Bizim də fərqlənmək üçün şanslarımız az olmadı, təəssüf ki, realizə edə bilmədik. Futzalın da öz qanunları var: yaratdığın imkandan istifadə etməlisən, yoxsa, sənin torunu silkələyəcəklər.
Düzdür, işimiz çətin olacaq, amma şansımız davam edir. Qarşıdakı hər iki oyunda qələbə qazansaq, qrup lideri olmaq imkanımız yaranacaq. Bunun üçün həm də “Orebro”nun büdrəməsi lazımdır. Hər iki oyunda qələbə qazanmaq üçün gücümüz və potensialımız var. Çətin olacaq, amma sona qədər mübarizə aparacağıq”.