...

“Barselona”ya qol vuran ilk azərbaycanlıyam”


Xəbər verdiyimiz kimi, azfutzal.az-da “Korifeylərimiz” rubrikası altında müxtəlif illərdə Azərbaycan millisinin və futzal üzrə klublarımızın formasını geyinmiş, oyunu, davranışı ilə rəğbət qazanmış futzalçılarımızla söhbətləşirik. Bu dəfə Rəcəb Fərəczadə ilə müsahibənin davamını təqdim edirik.

(əvvəli bu linkdə: https://azfutzal.az/page/post/3341)

 

“Rəqib üçün arzuolunmaz oyunçu idim”

- Futzal millisinə dəvət olunmağın necə baş verdi? İlk oyunun hansı idi?

- Futzala müvəqqəti gəlmişdim. Cəld, sürətli idim, sona qədər mübarizə aparırdım, rəqibi tez-tez cərimə etməyə məcbur edirdim. Futzal dili ilə desək, rəqib üçün arzuolunmaz oyunçu idim. Həmin vaxt millinin baş məşqçisi Fazil Qarayev idi. Bakıda Novruz turniri keçirilirdi. Özümü sınamaq qərarına gəlsəm də, beynimdə hər zaman böyük futbola dönəcəyimlə bağlı fikirlər dolaşırdı. Turnirdə İranla bərabər bir neçə milli komanda  və klub iştirak edirdi. Yekunda qalib bizim milli oldu. Yaxşı çıxış etdim, hətta Rusiyanın "Dina" klubuna da qol vurdum. İş elə gətirdi ki, 2000-ci ildə debüt etdiyim millinin formasını müəyyən fasilələrlə 2016-cı ilə qədər geyindim. Düzdür, Alesio futbol oynadığıma görə bir müddət məni milliyə dəvət etmədi. Amma 2000-ci ildən 2009-cu ilə qədər “ilk 5-lik”də meydana çıxırdım.

- Hansı oyun unudulmazlar sırasındadır?

- İdmançı karyerası elədir ki, uğurlu oyunlarınla bərabər, xatırlamaq istəmədiyin matçların da olur. Unutmayacağım oyunların siyahısına erməniləri udduğumuz duel başçılıq edir. UEFA kuboku çərçivəsində 2011-ci ildə “Araz-Naxçıvan”la “Barselona”ya qarşı keçirdiyimiz görüşü də yaddan çıxarmaq olmaz. İspaniyada onlara qarşı 2:2 hesablı heç-heçə etmişdik və qollardan birini mən vurmuşdum. Hətta baş məşqçimiz bu cür oynayacağımızı gözləmirdi. Yeri gəlmişkən, “Barselona”ya qol vuran ilk azərbaycanlıyam (gülür). Sloveniya millisi ilə AÇ-2014-ün final mərhələsində keçirdiyimiz oyun  haqda da danışmaq istərdim. 1:5 hesabı ilə yenuk durumda idik, amma yekunda 7:6 hesablı qələbə qazandıq. Bunlar yaxşı mənada seçilən oyunlarımızdı. Amma nəticəsinə görə təəssüfləndiyimiz görüşlər də olub. 2008-ci ildə dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda oyunda Çexiya yığmasından son saniyələrdə buraxdığımız qol bizi məyus etdi. Halbuki oyun heç-heçə başa çatsaydı, birbaşa DÇ-nin final mərhələsinə yollanacaqdıq.

 

Bir-birimizi gözümüzün içinə baxmaqla anlayırdıq

- Kimlərlə oyunun daha yaxşı alınırdı və nəyə görə?

- Futzalda bu da vacib amildir. Rizvan Fərzəliyev, Vitali Borisov və Namiq Məmmədkərimovla illərlə həm millidə, həm də “Araz-Naxçıvan”da bir “4-lük”də oynamışıq. Gözümüzün içinə baxanda hansı standartı yerinə yetirəcəyimizi, hansı istiqamətə açılacağımızı və ötürmə verəcəyimizi bilirdik. İllər keçib, indinin özündə də yığılıb bir yerdə oynayan vaxtı nə edəcəyimizi dəqiq bilirik. Bəzən rəqib olanda komanda yoldaşıma yalandan fərqli jest göstərsəm də, Vitali və ya Rizvan o dəqiqə başa düşür. Eləcə də onların jestlərini mən oxuyuram. 

- Ölkəmizdə çalışmış əcnəbi məşqçilərdən hansı istər taktiki savadına, istər oyunu oxumaq və düzgün qərarlar vermək qabiliyyətinə görə sənin üçün ilk pillədə dayanır?

- Rus, ispan, braziliyalı məşqçilərlə işləmişəm. Karyeramı başa vurduqdan sonra özüm də bir müddət uşaq liqalarında və futzal komandalarında məşqçi kimi çalışmışam. Məşqçi adekvat olmalı, düzgün qərar qəbul etməli, kollektivlə əla ünsiyyət qurmağı bacarmalıdır. Qərar verərkən şəxsi münasibətləri ön planda tutmamalıdır. Məşqçi psixoloq olmalıdır, hər futzalçı ilə onun dilində danışmağı bacarmalıdır. Sonrakı sırada məşqçinin taktiki savadı, risk etmək bacarığı dayanır. Alesio bəzi səhvləri olmasına baxmayaraq, taktiki baxımdan savadına görə seçilir. Tino Perez kollektivlə əla ünsiyyət qurmağı bacarır, texniki oyuna üstünlük verir, matç ərzində risk etməkdən çəkinmirdi. Xoşlayır və imkan yaradır ki, futzalçı öz fərdi ustalığını da göstərə bilsin. Məşqçi fəaliyyəti zamanı uğurlu nəticələrlə bərabər, uğursuzluqlar da olur. Həmin vaxt gərək öz markanı, nüfuzunu qoruyasan, hər şeyi futzalçının üzərinə atmayasan, əksinə, məsuliyyəti üzərinə götürəsən, oyunçularını qoruyasan. Bu baxımdan, ideal məşqçi rastıma çıxmayıb. Amma insani keyfiyyətlərinə görə Tino Perezi qeyd etmək istərdim. 7-8 ildir ölkəmizi tərk etsə də, bu gün də əlaqəmiz, ünsiyyətimiz davam edir.  

 

Vitali Borisov ondan çox faydalı oyunçu olub

- Kimi və ya kimləri futzalımızın əfsanəsi hesab edirsən?

- 2000-ci ildən 2018-ci ildə qədər futzalda olmuşam, sonrakı illərdə də izləmişəm. Əfsanə deyə biləcəyim iki futzalçımız var: Mahir Eyniyev və Vitali Borisov. Hər ikisi ağıl və düşüncə, eləcə də texnikasına görə seçilirdilər. Onlar istənilən mövqedə oynamağı bacarırdılar. Vitali ilə hərdən yenə oynayırıq. Fiziki baxımdan əvvəlki kimi olmasa da, ustalıq yerindədir. Bura bəlkə Rizvan Fərzəliyevi də əlavə etmək olar. Amma Vitali və Mahir mənim üçün əfsanədir. Dünya futzalına gəldikdə, elə oyunçular çoxdur. Belçika millisində oynayan ərəb əsilli Balini qeyd edə bilərəm. Texniki imkanlarına görə çox seçilirdi. İran millisində də belə oyunçular olub. Amma Falkao və Rikardinyo onlardan daha güclüdürlər. Azərbaycana gələn və müxtəlif illərdə millimizin heyətində çıxış edənlər arasında ən güclüləri Biro Jade və Serjao idi.

- Bir dəfə müsahibəndə qeyd etmişdin ki, Belçika millisində çıxış edən Bali topla olanda dəli kimi hərəkət edir. Bəs bizim futzalçılar arasında elə oyunçu varmı?

- Nə gizlədim, indiyə qədər bir neçə dəfə AÇ-nin final mərhələsində və seçmə oyunlarında iştirak etmişəm, Bali kimi fərqlənən futzalçı görməmişəm. Onun sanki bel hissəsi yoxdur, bədəni ilə meydanda elə hərəkətlər edirdi ki... Allahın verdiyi istedad idi. Amma komandaya xeyir vermək baxımından Vitali Borisov ondan çox faydalı oyunçu olub.

 

Pomidor yumurtanı bəzi xanımlardan daha yaxşı bişirirəm

- Futzaldankənar maraq sahənə nələr daxildir?

- Bir müddət “Keşlə”də uşaq futbolunda məşqçilik etdim. Son 6 ayda oradan uzaqlaşmışam, fərqli bir sahədə çalışıram. Həftədə 1-2 dəfə özümüz yığışıb futbol oynayırıq. Kiçik oğlum Ömər hazırda futbol məşqlərində iştirak edir. Vaxt tapdıqca onu məşqlərə aparıram. Bir də minifutbolda “Aznur” komandasının baş məşqçisiyəm.

- Yeməklə aran necədir? Mətbəximizin hansı təamlarını xoşlayırsan, özün hansı yeməyi bişirməyi bacarırsan?

- Plovu çox sevirəm, özü də qarası ilə bir yerdə. Hətta dostlarım zarafatla deyirlər ki, get İranda yaşa. Yarpaq dolması və pomidor yumurta da tez-tez daddığım təamlardandır. Özüm də bişirməyi bacarıram. Ehtiyac yaranarsa, uşaqlarla yalqız qalsam, onları ac qalmağa qoymaram. Toyuq qızardıram, pomidor yumurta bişirirəm, sup hazırlayıram. Pomidor yumurtanı bəzi xanımlardan daha yaxşı bişirirəm. Əlimin duzu var (gülür) 

 

Gördüm  əməkdaşımız suyu süzülə-süzülə gəlir

- Toplanışlar vaxtı deyəsən bir-birinizlə sərt zarafatlar da edirdiniz. Bir dəfə Futbol dünyası qəzetində çalışan vaxt idi. Millimiz də Niderlandda oyunlar keçirirdi. Yazı hazırlamaq üçün komandanın  üzvlərindən Namiq Məmmədkərimova zəng vurdum. Amma Namiq Bakıdan zəng vurduğuma inanmadı. Elə hey deyirdi ki, qonşu otaqdan yığmısan, səni Rəcəb öyrədib...

- Hə, bu cür zarafatlarımız çox olurdu. Xüsusilə də Namiq Məmmədkərimov və Elnur Zamanovu qeyd edərdim. Namiqlə çox vaxt jurnalist adı ilə danışırdım, zarafatlaşırdıq. Bir dəfə İsa Atayevlə yaxşı zarafat etmişdim. Məndən ad günümün nə vaxt olduğunu soruşdu. Cavab verdim ki, sabahdır. Səhərisi gün gördüm İsa yekə bir tort alıb, üzərinə şamlar düzdürüb gətirib. Tortun həcmindən görünürdü ki, az pul xərcləməyib. Gətirəndə uşaqlar başladı gülməyə, o da zarafat elədiyimi başa düşüb, pərt oldu. Tofiq Mikayılov ilk dəfə təyyarə ilə uçurdu. Hava limanında olan zaman mən hara gedirdim, o da arxamca gəlirdi. Cavan idi, 17-18 yaşı var idi. Axır dedim, aralan də, nə düşmüsən arxamca. Dedi yox, sən hara, mən də ora. Gördüm aralanmır, dedim, gəl. Bir qədər gəzdikdən sonra soruşdum ki, pasportun hanı? Dedi cibimdə. Dedim, çıxart, indi girəcəyimiz yerdə yoxlayacaqlar. Ayaqyoluna girdim, bu da arxamca gəldi, əlində də pasport (gülür).

Bir əməkdaşımız var idi. Moskvaya getmişdik toplanış üçün. Mən də ora çatan kimi yerli mobil nömrə aldım. Nə başını ağrıdım, 10 gün ərzində əməkdaşımızla  rus qızı adı ilə yazışdım. Əməkdaşımız da hər dəfə görüşməyi təklif edirdi. Axırda bir gün ona yazdım ki, filan metronun yanına gəl. Bayırda da azı 20 dərəcə şaxta var. O da əlində gül, gəlib metronun qabağında gözləyir. Bu məqamda bir dənə də sms yazdım ki, qardaşım gəldi, görüşə gələ bilməyəcəm. SMS-i yazdım və düşdüm otelin foyesində gözlədim əməkdaşımız geridönüşünü. Gördüm suyu süzülə-süzülə gəlir. 4-5 dəqiqədən sonra yazdım ki, qardaşım getdi, gəl həmin yerə, bu da qaçaraq yenidən getdi. 10 gün onunla hər dəfə belə zarafatlaşdım, axırda da sirrin üstünü açdım (gülür).   

 

Uşaq bilmir valideynə qulaq assın, yoxsa məşqçiyə

- Oğlun Ömər də futbol oynayır. Rəcəbdə olan potensial onda da var?

- Məşqlərə gedir. Super olmasa da pis də deyil. İzləyirəm, amma üzərinə çox getmirəm. Uşaq futbolunda səhvlər də çox olur, yaxşı günlər də. Valideynlərə də məsləhət görərdim ki, uşaqları çox sıxmasınlar. Çünki hərə bir söz deyir, sonra uşaq bilmir valideynə qulaq assın, yoxsa məşqçiyə. Potensialı, texnikası, futbol aqressiyası, ağlı var. İnanıram ki, Rəcəb kimi yox, ondan daha güclü futbolçu olacaq. Bu gün oğlum sevdiyi bir işlə məşğuldur. Mən də əlimdən gələn qədər kömək edirəm, dəstək oluram. Amma işin o biri tərəfi də var: hər məşqə gedən axırda futbolçu olmur. 100 nəfər arasından bir-iki güclü futbolçu çıxsa, bu, akademiya üçün əla nəticədir. Buna görə də uşaqları sıxmayın, əzməyin, buraxın öz dünyalarını yaşasınlar.

- Futzalımız kənardan necə görünür?

- Əsasən millinin oyunlarını izləyirəm. Çünki ürəyimiz hər zaman milli ilə döyünür. Vaxt olanda, “Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı matçlarını da izləyirəm. Futzal oynamağı bacarırıq. Sadəcə, məsləhətim odur ki, gənclər böyük futbolda işləri alınmadı deyə futzalı seçməsinlər. Sevib bu sahəni seçməlisən. Əlbəttə, bunun da qarşılığı olmalıdır. Bizdə U-17, U-19 milli komandalar yaradılıb. Futzal məktəblərinin açılmasını çox istərdim və bu sahədə əlimdən gələn köməkliyi əsirgəmərəm. Çünki biz bunu oynamağı yaxşı bacarırıq.

Mahal Şahniyar