Təlim-məşq toplanışı davam etdirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin kapitanı Fərid Abbasov hazırlıq prosesi barədə azfutzal.az-a danışıb:
“Təxminən 6 gündür toplanışdayıq. Əsasən fiziki planda çalışmalara üstünlük verilir. Bu da bizim üçün çox vacibdir. Çünki çempionat oyunları zamanı bu sahədə axsadığımızı görürdük. Birinci hissədən sonra demək olar, yorulurduq. Belədə də asan qollar buraxır, məğlub olurduq. Fasilə zamanı bu cür toplanışın təşkili bizim üçün göydəndüşmə oldu. Onu da qeyd edim ki, ilk dəfədir ki, belə toplanışa yığışırıq. Məşqçi Cordan Da Silva fiziki yükləmələr verir. A millinin baş məşqçisi Alesio Da Silva da məşqlərdə müəyyən taktiki tapşırıqlar üzərində işlədir. Baş məşqçimiz Ağatahir Əzimov isə hər zaman bizimlədir, indiyə qədər nə öyrənmişiksə, onun zəhmətinin bəhrəsidir.
Toplanış həm də komanda, birlik olmağımız baxımından əhəmiyyətlidir. Komanda yoldaşı olaraq bir-birimizi ancaq məşq və oyun zamanı görürdük. Demək olar, dərindən tanışlığımız yox idi. İndi toplanış zamanı hamımız bir binada məskunlaşmışıq, məşqdən sonra asudə vaxtlarımızda kimin hansı xarakterə, qabiliyyətə malik olduğunu öyrənirik. Yəni bir-birimizi daha yaxından tanımaq imkanımız var.
Avropa çempionatının əsas mərhələsində çətin qrupda yer almışıq. Məncə, Bosniya və Herseqovina Fransadan daha güclü komandadır. Hər ikisinin oyununu ötən ay iştirak etdikləri turnir zamanı gördük. Biz də çalışacağıq qarşıdakı 2 aydan maksimum istifadə edək, yaxşı hazırlaşaq. Yüksək Liqanın oyunları səhvlərimizi düzəltmək baxımından əla fürsətdir”.