Böyük futbolu müvəqqəti də olsa futzala dəyişən və İkinci Liqada “Rəvan”ın formasını geyinən Təmkin Xəlilzadənin azfutzal.az-a müsahibəsi
- Artıq futzal üzrə İkinci Liqada iki oyun keçirmisən. Yaşıl meydanı parketə dəyişməyin hansı çətinliklərini qeyd edərdin?
- Əslində, futzala keçməmişəm. Qışda klubumla yollarımızı ayırdıq, ondan sonra başqa komanda ilə anlaşmadım. Klubsuz qaldığıma görə və formamı qorumaq üçün əsasən dostlarımın çıxış etdiyi “Rəvan” komandasına qoşuldum. Əksəriyyəti ilə bir yerdə böyümüşük, uşaqlıq illərimiz bir yerdə keçib. Xahiş etmişdim ki, artıq çəki yığmamaq üçün sizə qoşulum, formamı müəyyən qədər qoruyum. Onlar da xahişimə müsabət cavab verdilər. Artıq iki oyunda komandama kömək etmişəm. Oyunlar, nəticə özüm üçün də maraqlıdır. Ancaq Təmkin Xəlilzadə “futbolla vidalaşdım, artıq futzalçı kimi çıxış edəcəm” deyə, qərar verməyib. Futzalı sonuncu dəfə 5-6 il əvvəl oynamışdım.
- Formanı qorumaq üçün Yüksək və ya Birinci Liqada iştirak edən daha güclü komandalara üz tutmaq olmazdımı?
- Futzal oynamaq fikrim olsaydı, Yüksək Liqa klublarına müraciət edərdim. Zatən “Neftçi” İK-da da çoxlu dostlarım var, onlar da dedilər ki, gələrdin bizim komandaya. Burada müvəqqətiyəm. Futzalı futbolçu karyeramı bitirdikdən sonra seçəcəm. Onda daha güclü, iddialı komandada oynayacam.
- Futbol klublarından dəvət almadığını dedin. İddialı komandalardan dəvət yox idi, yoxsa Misli Premyer Liqasında iştirak edən komandalardan heç biri millinin üzvünün xidmətində maraqlı olmadı?
- 1-2 klubdan təklif var idi, amma şərtlərdə oraq məxrəcə gələ bilmədik. Həm də təkliflər tam ciddi deyildi deyə, arxasınca düşmədim. Maraqlandılar, görüşdük, sonra qarşı tərəfdən xəbər gözlədim, amma cavab gəlmədi. Menecerlər ölkə xaricində oynamaqla bağlı varinatları da nəzərdən keçirdilər, təəssüf ki, alınmadı. Birində limitlə bağlı problem yarandı, digərində maliyyə çatışmazlığı oldu. Gözləməkdən başqa varinatımız yoxdur. Yayda vəziyyəti yenidən dəyərləndirəcəm.
- Ola bilərmi, futzal millisində oynamaq təklifi gəlsin..
- Milli komandaya canımız qurbandır. Əgər bilsəm ki, daha böyük futbol oynamayacam, onda niyə də olmasın?! Millinin formasını geyinmək hər kəs üçün fəxrdir, şərəfdir. Ancaq hələ ki, planlarım futbolla bağlıdır.
- Futbolçu dostlarından əlaqə saxlayan, maraqlanan olurmu?
- Əlbəttə, “Zirə”dəki uşaqlarla tez-tez danışırıq, digər klublarda çıxış edən dostlarımızla da görüşürük. Hər şey qaydasındadır, həyat öz axarı ilə gedir. Yeganə problem futbol oynamamağımla bağlıdır.
- “Zirə”dən ayrılmağın gözlənilməz oldu…
- Heç bir problem olmadı. Baş məşqçi Rəşad Sadıqovla görüşdük, söhbət etdik, vəziyyəti dəyərləndirdik və ayrılmaqla bağlı razılığa gəldik.
- Klub sənin xidmətində maraqlı olmadı?
- Açığı, özüm də qalmaq istəmirdim. 50-nin 50-yə dəyərləndirərdim. Hər şey qarşılıqlı razılıq əsasında oldu. Əlbəttə, martda millinin toplanışında və rəsmi oyunlarında iştirak etməyəcəyimə görə, təəsüflənirəm.