Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib. Bu gün keçirilən ilk oyundan əvvəl Xocalı soyqırımı zamanı dünyasını dəyişmiş insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Üç gün ərzində davam edən bu mərhələnin Alyans Qrup – Rəvan matçı baş tutmayıb. Buna səbəb “Alyans Qrup”un təyin olunan vaxtda meydana çıxmamasıdır. Oyunun yekun nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. Ümumi mənzərəni liqalar üzrə dəyərləndirsək, üstünlük İkinci Liqa təmsilçilərindədir. Belə ki, keçirilmiş 9 oyundan 5-də Birinci, 4-də isə İkinci Liqa komandaları üstünlük qazanıb. Diqqətçəkən məqam U-17-nin cari mövsümdə ilk qələbəsini məhz ölkə kuboku uğrunda oyunda qazanmasıdır. Digər məqam isə “Baku Fire” klubunun hər üç liqadakı komandalarının növbəti mərhələdə iştirak etməsi olacaq. 1/8 finala vəsiqə qazanmış komandaların siyahısını diqqətinizə çatdırırıq: Baku Fire-3, U-17, MUM, Flaqman, Advokat, Şamaxı, Dalğa, ADBTİA, Baku Fire-2. Yüksək Liqa iştirakçıları olan Araz-Naxçıvan, Baku Fire, Neftçi İK, Record club, Alyans və U-19 da bu mərhələdən mübarizəyə qoşulacaqlar. Qeyd: İntizam Komitəsi Alyans Qrup-Rəvan oyunu ilə bağlı nəticəni elan etdikdən sonra qalib komanda da 1/8 final iştirakçılar sırasına əlavə olunacaq.
Şuşa – Baku Fire-3 0:4
U-17 – Metropoliten 9:2
MUM – Zəngilan 9:3
VİFLY – Flaqman 3:5
STAR kargo – Advokat 0:3
Şamaxı – Xan-Lənkəran 5:4
Dəstə Ordubad – Dalğa 4:6
ADBTİA – Timsport 4:2
Baku Fire-2 – Çinar-Zəngilan 12:3