DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl isə baş məşqçi Joze Alesio Da Silva və qapıçı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıb.
Joza Alesio Da Silva: “Hazırlıqla bağlı vaxt məhdudiyyəti var. Bu da FİFA-nın rəsmi oyunlar üçün ayırdığı vaxtın azlığından qaynaqlanır. Cəmi 5 məşq keçirəcəyik. Buna görə də yoldaşlıq oyununda da gücümüzü sınaya bilmədik. Çalışacağıq ki, bu qısa müddətdə oyunçulara istədiklərimizi aşılayaq.
Rəqibimiz Yunanıstanla son 2 ildə 3 dəfə qarşılaşmışıq və onları məğlub etmişik. Yunanıstan yığması üçün mübarizə artıq başa çatıb. Onlar qrupda keçirdikləri 3 oyunun hamısında məğlub olublar. Yəqin ki, çalışacaqlar son görüşdə xal qazansınlar. Biz isə Yunanıstanla yanaşı, Polşa ilə duel üçün də hazırlığımızı davam etdiririk.
Fineonun yüngül zədəsi var. Amir Shojae isə son matçda zədələnib. O, komandanın sıralarına qoşulmayıb. Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək. Digər oyunçularımız tam sağlamdır.
Azərbaycan – Yunanıstan oyunu ilə bağlı proqnoza gəldikdə, qələbə qazanmaq şansımızı 70 faizə bərabər hesab edirəm”.
Rövşən Hüseynli: “Meydana qələbə üçün çıxacağıq. Polşa ilə səfər oyunöncəsi 3 xal bizim üçün vacibdir. Yunanıstan millisinin növbəti mərhələyə çıxmaq üçün heç bir şansının olmaması bizi arxayınlaşdırmayacaq. Çünki asan oyun və rəqib yoxdur. Bu oyun həm də reytinq xalına təsir edəcək. Ona görə qələbədən başqa heç nə haqda düşünmürük.
Klubumda qollar vururam. O da baş məşqçinin taktiki tapşırıqlarından irəli gəlir. Əgər millidə də baş məşqçimiz bu taktiki gedişdən istifadə etmək istəsə və meydanda olan vaxt belə göstəriş verərsə, əlimdən gələni etməyə hazıram”.