Azərbaycan – Yunanıstan oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırq:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Əvvəlcədən də demişdim ki, hazırlıq üçün vaxtımız az oldu. Bu da FİFA-nın təyin etdiyi vaxtla əlaqədardı. Bügünkü oyun həm də Polşa ilə matça hazırlıq xarakteri daşıyırdı. Afinadakı oyunla müqayisədə Bakıda qapımızdan 2 qol buraxdıq. Bu da etdiyimiz səhvlərdən qaynaqlanırdı. Elit-raunda vəsiqəni təmin etsək də, bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır. Biz növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik. Eyni zamanda, reytinq xallarımızı artırmalıyıq.
Xətai Bağırovun zədələndiyi epizodu görmədim. Durumu haqda da indi bir söz deyə bilmərəm. Həkim müayinə edəcək, ondan sonra bizə məlumat verəcək. Ümid edirik ki, ciddi olmayacaq və səfərə tam heyətlə yollanacağıq”.
İoannis Ziavas (Yunanıstan millisinin baş məşqçisi): “Azərbaycan millisinin təbrik edirəm. Qrupun son oyununda onlara uğurlar arzulayıram. Azərbaycan yığması bizdən daha güclü komandadır. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Bu da rəqibin səviyyəsindən irəli gəlirdi. Çünki onlar bizə bu imkanı vermədilər. Çətin olacağını əvvəlcədən bilirdik. Nəticəni unutmalı, irəli baxmalıyıq”.