Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub. Uzun müddət bu klubun və Azərbaycan millisinin formasını geyinmiş Vitali Borisov bundan sonra yeni ampluada – baş məşqçi postunda uğur qazanmağa çalışacaq.
Təbriklərimizi çatdırdığımız V. Borisovdan azfutzal.az üçün açıqlama aldıq: “Təbrikə görə təşəkkür edirəm. Təklif gözlənilməz oldu. Rəhbərlik dəvət etdi, danışdıq, istəkləri ilə tanış oldum. “Araz-Naxçıvan” futzalımızın flaqmanıdır. İllərlə bu komandanın heyətində çıxış etmişəm, ən yüksək əyyarlı medallarımı da burada qazanmışam. Ona görə iddialı komanda olduğunu, hər zaman daha yüksək yer tutmaq, mükafat qazanmaq üçün mübarizə apardıqlarını bilirəm. Elə söhbət zamanı da məndən nə istədiklərini təxmini bilirdim. Əlbəttə, ilk tələb yeni mövsümü zirvədə başa vurmaq, eləcə də UEFA Çempionlar Liqasında əvvəlki iddialı “Araz-Naxçıvan”ı geri qaytarmaqdır. Çalışacağıq ki, yeni Çempionlar Liqası mövsümündə komanda bu dəfə ən güclü 16 iştirakçı arasında olsun”.
Baş məşqçi komandanın hazırlığa gələn ay başlayacağını, heyətdə hansı dəyişikliklərin olacağına da həmin vaxt aydınlıq gətiriləcəyini bildirib: “İyulun 15-də Bakıda hazırlıq prosesinə başlayacağıq, təlim-məşq toplanışını da burada keçirəcəyik. Heyətimizə də əl gəzdirəcəyik. Amma kimin qalacağına, kimlərlə güclənəcəyimizə yaxın günlərdə aydınlıq gətiriləcək. Məşqçilər və rəhbərliklə bunu muzakirə edəcəyik. Məqsədimizə uyğun komanda formalaşdıracağıq. Çünki tapşırıq aydındır - “Araz-Naxçıvan”ın beynəlxalq arendakı əvvəlki nüfuzunu geri qaytarmaq”.
V.Borisov məşqçilərlə bağlı qərarına da aydınlıq gətirib: “Predraq Rayiç və qapıçı-məşqçi Zoran Rakiçeviçi yaxından tanıyıram. Rayiçlə hələ 2008-ci ildə Rusiya “Dina”sında bir yer yerdə oynamışıq. 2014-2015-ci illərdə “Fənər”də, 2015-2017-ci illərdə Serbiya “Ekonomaç”ında çıxış edən zaman isə baş məşqçim olub. O, bir müddət EKOL komandasında da baş məşqçisi vəzifəsində çalışıb. Kifayət qədər təcrübəli məşqçidir, eyni zamanda Azərbaycan futzalına və futzalçılarına yaxından bələddir. Yerli oyunçular da onu yaxşı tanıyır və hörmətlə yanaşırlar. Rayiç UEFA tərəfindən futzal üzrə keçirilən məşqçi kurslarına da qatılıb və kateqoriyası var. Bütün bu sadaladıqlarım qərarıma təsir edən amillərdir. İnanıram ki, güclü və nizam-intizamlı, eyni zamanda mehriban kollektiv formalaşdıracağıq. Bunlar olan yerdə nəticə də qazanılacaq”.