...

“Konkret tapşırığımız var”


UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Mübarizəyə ilkin mərhələdən başlayacaq təmsilçimiz Riqa (Latviya), Jahn Regensburq (Almaniya) və İstanbul Şişli (Türkiyə) komandaları ilə qarşılaşacaq. A qrupunun oyunları Latviyada keçiriləcək. Püşklə bağlı baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib:

“Püşkdən əvvəl potensial rəqiblərimizi dəyərləndirən zaman, “Riqa” ilə qarşılaşmağı heç istəmirdik. Çünki bu komandanın daha səviyyəli legionerlərlə gücləndiyini bilirdik. Üstəlik, onlar qrup oyunlarına evsahibliyi edəcəklər. Heyətdən əlavə, meydan amili də “Riqa”nın xeyrinə işləyəcək. Türkiyə çempionu qrupumuzun autsayderidir desək, bəlkə də yanılmarıq. Reytinq də bunu göstərir. Onlarda futzal hələ yeni-yeni inkişaf mərhələsinə qədəm qoyub. Almaniya klubları haqda isə konkret fikir yürütmək olmur. Bunlar ilkin təəssüratlardır. Əlbəttə, rəqiblərimiz haqda daha geniş məlumat öyrənməyə çalışacağıq. İstənilən halda, komandanın qarşısına konkret tapşırıq qoyulub: 16 ən güclü komanda arasında yer almalıyıq. Bunun üçün də rəqibin kimliyindən asılı olmayaraq, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Əlbəttə, yaxşı hazrılıq keçməli, heyətimizi komplektləşdirməliyik. Transferlərlə bağlı çalışmalarımız davam edir. Hazırlığa başlayana qədər nəzərdə tutduğumuz oyunçularla anlaşmağa çalışacağıq. Komanda iyulun 17-dən məşqlərə başlayacaq”.