Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib. Turun “Neftçi” – EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FİFA referisi Elçin Səmədliyə hakim karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.
18 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb.
2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E. Səmədli 2008-2018-ci illərdə futzal üzrə FİFA referisi olub.
İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FİFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. E. Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.