...

Radik Əhmədov: “Çətin olacaq, ancaq...”


Qış fasiləsinə lider yollanan EKOL komandasının oynayan məşqçisi Radik Əhmədovun azfutzal.az-a müsahibəsi

- İlə “Araz” üzərində qələbə ilə yekun vurdunuz. Fasiləyə “qış çempionu” kimi yollanmağınızı gözləyirdinizmi?

- “Araz” çempionatda əsas rəqiblərimizdən biridir və komanda ilə oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Oyundan əvvəl cəmi 1 xal fərqimiz var idi. “Araz” bu üstünlük sayəsində zirvədə yer almışdı. Biz də bu matçda qələbə qazanmağı və qış fasiləsinə zirvədə yollanmağı düşünürdük. Çünki qələbə qazanacağımız təqdirdə “Araz”ı 2 xal qabaqlayacaqdıq. Oyun ərzində epizodlardan düzgün istifadə etdik və arzuladığımız nəticəni qazandıq. Bu nəticədə hər birimizin zəhməti böyükdür.

- Turnir cədvəlindəki göstərici oyuna motivasiya olmağınıza təsirsiz ötüşməyib.

- Əlbəttə, təsiri böyük oldu. Cəmi 1 xal fərqimiz vardı. Əgər qələbəyə 3 xal verilirsə, niyə bundan istifadə etməyək? Oynadıq, mübarizə apardıq və qələbəmizi qazandıq.

- Yeri gəlmişkən, cari mövsümün hər iki dövrəsində “Araz”a yenilməyən yeganə komanda EKOL-dur. Deyəsən, rəqibinizin legionerlərdən imtinası işinizə yarıyıb?

- Düzdü, “Araz” sırf legionerlərdən ibarət və ya onlardan asılı komanda deyil. Komandanın heyətdə millinin üzvləri çıxış edirlər. Əvvəlki illərlə müqayisədə braziliyalıların yoxluğu hiss olunur. Çünki onlar oynayan vaxt “Araz” fasiləyə minimum 6-9 xallıq fərqlə yollanırdı. Hazırkı çempionatda isə vəziyyət fərqlidi. Əslində bizi öz çıxışımız daha çox maraqlandırmalıdı.

- Arxada qalan 2 dövrəni necə qiymətləndirirsiniz?

- Ağır oyunlarımız, meydanı xalsız tərk etdiyimiz görüşümüz oldu. Çalışdıq ki, itkilərimiz minimum olsun. Buna nail olduğumuza görə fasiləyə zirvədə yollandıq.

- İşin yarısını gördünüz. Finişə qədər mövqeyinizi qoruya biləcəksinizmi?

- Çətin olacaq, ancaq hazırkı mövqeyimizi qorumağa və işimizin öhdəsindən gəlməyə çalışacağıq.

- Dövrələrarası fasilə ilə bağlı planlarınız necədi?

- Hazırda oyunçuları istirahətə buraxmışıq. Yanvarın əvvəlində məşqlərimizi bərpa edəcəyik. Gənclik Olimpiya kompleksində məşq keçəcəyik. Yanvarın 10-da isə rəhbərliklə danışıb, bölgələrin birində təlim-məşq toplanışında olacağıq.

- Heyətlə bağlı nə kimi dəyişikliklər gözlənilir?

- Hazırkı heyətimizi qoruyacağıq. Yeni oyunçular dəvət edəcəyimiz də istisna deyil. Çünki qarşıda çətin oyunlarımız var, üstəlik, rəqiblərimizin də hansı heyətlə mübarizə aparacağını bilmirik. Ən əsası özümüz oyunlara tam hazır olmalıyıq.