...

“Kim hazır olacaqsa, milliyə də o dəvət olunacaq”


Aprelin 8-dən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin bu gün KİV üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandırıb:

“Ramazan bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edirəm. Aprelin 8-dən hazırlığa başlamışıq. Məşqlərimiz proqram üzrə davam edir. Elə gün oldu bir, elə vaxt oldu iki məşq keçdik. Bu gün hazırlığın Bakı mərhələsini yekunlaşdırırıq. Komanda sabah Tbilisiyə yola düşəcək. Aprelin 14-də və 16-da Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcəyik. Heyətlə bağlı vəziyyət normaldı, 17 futzalçıdan 14-nü səfərə aparacağıq.

Fiziki hazırlıq yüksək səviyyədə deyil. Qısa vaxt ərzində bunu aradan qaldırmaq isə çətindir. Ümumi götürdükdə, 70 faiz hazırıq.

Hər klubun öz taktikası, məşq prosesi var. Hazırkı heyətimizin 7 nəfəri “Bakı Fire” klubunun üzvüdür. Əvvəllər isə millinin özəyini “Araz-Naxçıvan”ın üzvləri təşkil edirdi. Onlar il ərzində həm də millinin baş məşqçisinin rəhbərliyi altında hazırlıq keçirdilər. Belədə məşq prosesini aparmaq rahat olurdu. Amma bu gün vəziyyət fərqlidir, çətindir.

Bu gün çempionatda kimlər daha yaxşı çıxış edir, seçilirsə, onlara dəvət göndərmişik. Bu o demək deyil ki, növbəti toplanışlarda da bu futzalçılar iştirak edəcək. Kim hazır olacaqsa, milliyə də onlar dəvət olunacaq.

Rəsmi oyunlarımız dekabrda olacaq. Püşklə bağlı bir söz deyə bilmərəm”.