...

Kubok öncəsi kapitanlardan iddialı açıqlama


Sabah keçiriləcək Azərbaycan kubokunun final matçı ilə futzal üzrə 2023-2024-cü il mövsümünə yekun vurulacaq. Həlledici oyunda son çempion “Araz-Naxçıvan”la kubokun ötənilki qalibi, cari çempionatı ikinci pillədə başa vuran “Baku Fire” üz-üzə gələcək. Yeri gəlmişkən, “Baku Fire” ölkə kubokunu ilk dəfə 2023-cü ildə başı üzərinə qaldırıbsa, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” bu sevinci sönuncu dəfə 2008-09-cü il mövsümünün yekununda yaşayıb. Yüksək Liqanın qızıl və gümüş medalçıları bu dəfə ölkə kubokunun final matçında medalların əyyarını necə müəyyənləşdirəcəklər? Bu dəfə qızıl medalları hansı komanda üzvləri boyunlarından asacaq, kuboku başı üzərinə qaldıracaq?

Hər iki komanda bu gün oyun öncəsi son məşqini keçirib. Matçöncəsi kapitanların görüşlə bağlı qısa fikrini öyrənməyə çalışdıq. “Baku Fire”dən Elvin Quliyev iddialı danışdı: “Oyuna ciddi hazırlaşmışıq. Bu gün də yekun məşqimizi keçirdik. Hər iki komanda bir-birini yaxşı tanıyır. “Araz-Naxçıvan” ölkə çempionudursa, biz də Azərbaycan kubokunun son qalibiyik. Yarımfinal oyununda bu titula iddialı “Neftçi” İK-nı məğlub etdik. Təbii ki, məqsədimiz qələbə qazanmaq və titulumuzu qorumaqdır. Heyətimiz demək olar, yerli futzalçılardan təşkil olunub və cari çempionatı yüksək səviyyədə keçirdik. Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq. Oyuna tam hazırıq. Ümid edirəm ki, azarkeşlər və tamaşaçılar futzal adına baxımlı, maraqlı oyun izləyəcəklər. Fürstədən istifadə edib azarkeşləri matçı izləmək üçün Bakı İdman Sarayına dəvət edirik”. Kapitan rəqib üçün sürptizlər də hazırladıqlarını gizlətməyib: “Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq. Çempionat başa çatdıqdan sonra sırf bu oyuna hazırlaşmışıq. Final cəmi bir oyundan ibarətdir və hər zaman fərqli üslubda oynamağı tələb edir”.

“Baku Fire”in kapitanı iddiasını ortaya qoydu. Bəs ötən həftə çempionluq kubokunu başı üzərinə qaldıran “Araz-Naxçıvan”ın kapitanı nə düşünr? Emin Kürdov oyunu onlar üçün əhəmiyyətli edən səbəblərdən bəzilərini dedi, amma bir hissəsini oyuna saxladı: “Mövsümün son oyundur. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var. “Araz-Naxçıvan” 15 ildir Azərbaycan kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədir. İdmanda hər bir titul, uğur əzizdir, qiymətsizdir. Maraqlı qarşılaşma olacaq. Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.  

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək. CBC Sport-la canlı yayımlanacaq görüşü izləmək istəyənlər üçün zala giriş sərbəstdir (biletsizdir).