...

Zaur Axundov NFF-nin sədri seçilib


Naxçıvan Futbol Federasiyasının (NFF) inzibati binasında qurumun prezidenti vəsifəsinə seçki ilə bağlı iclas keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, Gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər. Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iclasda çıxışı zamanı gündəlikdə duran əsas məsələ ilə bağlı fikirlərini bölüşüb, federasiyadakı prezident seçkisinin Naxçıvan futbolunda əsaslı dönüşün yaranmasına səbəb olacağına inamını ifadə edib, təmsil etdiyi qurumun öz səlahiyyətləri çərçivəsində idmanın inkişafına xidmət edən istənilən əməkdaşlığa, dəstəyə daim hazır olduğunu vurğulayıb. Məcid Seyidov federasiya prezidenti vəzifəsinə Axundov Zaur Asif oğlunun namizədliyini irəli sürüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq Zaur Axundov yekdilliklə NFF-nin prezidenti seçilib.

Yeni seçilmiş federasiya rəhbəri etimada görə minnətdarlığını bildirib, federasiyanın birinci növbədə muxtar respublikada uşaq futbolunun inkişafı ilə bağlı işlər aparacağını diqqətə çatdırıb. Naxçıvandakı futbolsevərlərin “Araz-Naxçıvan” intizarına son qoymaq, eyni zamanda yerli futbolçuların inkişafına nail olmaq üçün yaxın zamanlarda muxtar respublika stadionunun təmir olunaraq beynəlxalq tələblər səviyyəsinə gətirilməsi ilə bağlı işlər aparıldığını deyən federasiya prezidenti, bununla paralel bölgələrdə yeni futbol qruplarının yaradılması, yarışların keçirilməsi, məşqçilərin təhsili və digər planlar barədə danışıb, Naxçıvanda futbolun dirçəlişi üçün  maksimum çalışacaqlarını diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2004-cü ildə “Araz-Naxçıvan” futzal klubunu yaradıb. Milli komandanın bazası hesab edilən klub ardıcıl bir neçə dəfə ölkə çempionu olub. Z. Axundov 2008-ci ildə Azərbaycan Futzal Federasiyasının prezidenti seçilir. Bundan sonra futzal üzrə Azərbaycan millisi və ölkə çempionu “Araz-Naxçıvan” qitəmiqyaslı yarışlarda uğurlu nəticələr qazanır. Belə ki, milli komandamız 2010-cu ildə Avropa çempionatının final mərhələsində debüt edir və yekundə dördüncü pilləni tutur. Həmin il “Araz-Naxçıvan” ovaxtkı adı ilə UEFA kubokunda bürünc medal qazanmaqla ilkə imza atır. Ümumiyyətlə, arxada qalan illərdə futzal üzrə Azərbaycan millisi 6 dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində iştirak edib. Hətta mundialı komandamız 5-ci pillədə başa vurub. “Araz-Naxçıvan” isə 2014-cü ildə növbəti dəfə UEFA kubokunun bürünc medallarına sahib olub. Yeri gəlmişkən, həmin il “Dördlər finalı” Bakıda təşkil olunub.

Z. Axundov 2016-cı ildən 2024-cü ilə qədər AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

O, 2017-ci ildə “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib və 2022-ci ilin iyun ayına qədər bu vəzifəni icra edib. Komanda onun dövründə 2 dəfə Azərbaycan kubokunu və Premyer Liqanın bürünc medallarını qazanıb.