...

“Bunu müsbət hal kimi qiymətləndirirəm”


Bakı, 27 dekabr, AZƏRTAC

Cari ildə Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da mühüm uğurlar əldə olunub. İdmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib və üçrəngli bayrağımızı dalğalandırıblar.
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov qurumun cari ildəki fəaliyyəti və gələcək perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

 

- Cari ili ölkə futzalı üçün uğurlu hesab etmək olarmı?

- Ölkəmizdə futzal dinamik inkişaf edir. Cari ildə milli komandamız legioner futzalçılarla yollarını ayırıb. “Araz” klubu da heyətində yerli futzalçılara üstünlük verib. Daxili çempionat daha maraqlı gedir. Artıq çempionatın yarısına yekun vurulub. EKOL komandası “qış çempionu” olub. Çempionatda güclü rəqabət var. EKOL, “Araz”, “Neftçi” və digər klubların çempion olmaq şansı var. Müşahidələr göstərir ki, ilk yarıda Yüksək və Birinci liqalarda mübarizə yüksək səviyyədə olub. Bütün bunları pozitiv qəbul edirəm.

Komandalara gənc futzalçılar cəlb olunub. Milli komandaların məşqçiləri artıq seleksiya prosesinə start veriblər. On doqquz yaşadək futzalçılardan ibarət yığma yaradılıb. Gələn ilin martında U-19 Avropa çempionatının seçmə mərhələsində iştirakla bağlı böyük seleksiya işləri görülüb, proses davam etdirilir. Heyətə 20-yə yaxın futzalçı cəlb olunub. Bunu müsbət hal kimi qiymətləndirirəm.

Gələn ilin oktyabrında dünya çempionatının əsas mərhələsinin oyunları Bakıda təşkil olunacaq. Federasiyamız turnirin hazırlığına başlayıb. Ötən illərlə müqayisədə cari ildə “Araz” klubu elit mərhələyə vəsiqə qazana bilmədi. Bunu müsbət hal kimi dəyərləndirmək olmaz. Milli komandamız Sloveniyada Avropa çempionatında mərhələ adlasa da, 1/4 final mərhələsində mübarizəni dayandırdı. Gələcək illərdə daha da intensiv çalışıb keçmiş uğurlarımızı təkrarlamalıyıq.

- Millimizin 2020-ci ildə Litvada təşkil olunacaq dünya çempionatının əsas mərhələsində şanslarını necə dəyərləndirirsiz?

- Turnirdə format dəyişdirilib. Əsas məqsəd qrupda birinci və ya ikinci yeri tutmaqdır. Təbii ki, şanslarımız var. Vaxtımız həm çox, həm də azdır. Düşünürəm ki, doğma azarkeşlər önündə keçiriləcək əsas mərhələnin oyunlarında uğurla çıxış edib elit mərhələyə adlayacağıq. Sonra isə iki il öncəki uğuru təkrarlayaraq turnirin dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağıq.

- Komandamız oktyabrın 22-27-də Bakıda keçiriləcək qrup oyunlarına necə hazırlaşacaq? Neçə yoldaşlıq oyunun keçirilməsi planlaşdırılır?

- Təlim-məşq toplanışları ilə bağlı danışıqlar gedir. FIFA-nın qrafikinə uyğun olaraq, aprel və avqustda beynəlxalq yoldaşlıq oyunları keçirilir. Federasiyamız da bu istiqamətdə gərgin işlər aparır. Yaxın günlərdə rəqiblərin kimliyi və oyunların vaxtı dəqiqləşəcək və bu haqda saytımız vasitəsilə mətbuata ətraflı məlumat veriləcək. FIFA-nın təqdim etdiyi həmin “pəncərədən” daha səmərəli istifadə etməyə çalışacağıq. Millimizin, həmçinin Rusiyada beynəlxalq turnirdə qüvvəsini sınaması gözlənilir.

- Yığmanın heyətini gücləndirmək üçün hansı addımların atılması nəzərdə tutulub?

- Artıq 4-5 yeni gənc futzalçı komandaya dəvət olunub. Onlar ilk təlim-məşq toplanışında da iştirak edəcəklər. U-19 millimizin baş məşqçisi ilə görüşmüşəm və perspektivli futzalçıların əsas yığmaya cəlb olunmasına qərar vermişik. Bu, futzalçıların təcrübəsinin artırılmasına və oyun praktikasının güclənməsinə yönəlib. Həmin futzalçılar əsas milli ilə birlikdə təlim-məşq toplanışına qatılacaq və oyunlarda iştirak edəcəklər.

- Gələn il 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası ilk dəfə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək. Bu komandanın yaradılması həm də yeni futzalçı nəslinin yetişməsinə təkan verəcəkmi?

- Təbii ki, birbaşa. Biz ümidlərimizi də U-19-a bağlayırıq. Artıq cavan futzalçılar yetişir. Komanda ilə bağlı ümidlərimiz çoxdur. Hamısı olmasa da, 4-5 futzalçı hazırlayıb onu əsas komandanın oyunçusuna çevirə bilərik. Bu bizim üçün müsbət hal olar. Yeri gəlmişkən, bu komanda futzal üzrə ölkə çempionatının Birinci Liqasında çıxış edir. İstəyirik gənc futzalçılar daim oyunlarda iştirak etsinlər və təcrübə toplasınlar. Ötən ay isə onlar Tbilisidə Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu keçirdi.

- Ölkə çempionatının Yüksək Liqasında ikinci dövrə başa çatıb. Bu dəfə alışdığımız mənzərəni görə bilmədik, EKOL “qış çempionu” oldu. Deyəsən, mübarizə qızışır...

- Xüsusi vurğulamaq istərdim ki, mövsümün ikinci hissəsi Azərbaycan çempionatının son illər ən qızğın və ən maraqlı yarışı olacaqdır. Komandalar arasında xalq fərqi də azdır. Hər oyun komandaları çempionluğa daha da yaxınlaşdırır. İkinci yarıda bizi daha gözəl və baxımlı oyunlar gözləyir.

- Bu mövsümdə iki bölgə komandası – “Liman” və “Xəzər Cənub” çempionatda iştirak edir. Bölgələrdə futzalı inkişaf etdirmək üçün AFFA rəhbərliyi ilə birgə plan hazırlamağı düşünürsünüzmü?

- Neçə illərdir bu istiqamətdə işlər gedir. Düzdür, bölgələrdə müxtəlif futzal yarışları təşkil olunur. Bölgə komandalarının ölkə çempionatında iştirakı bizim üçün çox önəmlidir. Bu yöndə AFFA ilə birgə sıx əməkdaşlıq edir və işlərimizi davam etdiririk.

- Birinci və İkinci liqalarla bağlı vəziyyət necədir?

- Həmin yarışlar təqvimə uyğun olaraq davam edir. Bu yarışların azarkeşləri Yüksək Liqa ilə müqayisədə daha çoxdur. Oyunlar çox maraqlı keçir. Federasiya nümayəndələri də mütəmadi olaraq bu yarışlara baş çəkir və oyunları izləyir. Ölkəmizdə futzala maraq çox böyükdür. Bu da ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır.

- Yayda federasiyanın strukturunda dəyişikliklər edildi, eyni zamanda, rəsmi sayt yaradıldı və KİV federasiya ilə bağlı baş verən yeniliklərlə mütəmadi məlumatlandırılır. Azərbaycan Futzal Federasiyasının gələcək planları və perspektivləri barədə nə deyə bilərsiz?

- Əsas məqsədimiz bölgələrdə yeni futzal klublarını yaratmaqdır. Çempionat oyunlarının təkcə Bakıda deyil, bölgələrdə də təşkil olunmasını istəyirik. Bu istiqamətdə işlər aparılır. Federasiya əsas diqqəti yeniyetmə futzalçıların yetişdirilməsinə yönəldib. Hazırda UEFA tərəfindən də futzala böyük diqqət göstərilir. Həmçinin futzalda təkmilləşdirilmə işləri aparılır. U-21 komandasının yaradılmasını planlaşdırırıq. Azərbaycanda futzalın inkişafı istiqamətində cəhdlərimizi əsirgəmirik. Çox istərdim ki, qısa müddətdə ölkə futzalı beynəlxalq arenada əvvəlki uğurlarını təkrarlayıb azarkeşləri sevindirsin.

Futzal ictimaiyyəti adından xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm.