Xəbər verdiyimiz kimi, bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib. Komandamız B qrupunda Kosovo və San Marino ilə qarşılaşacaq. Oyunlar yanvarın 21-dən 26-dək San Marinoda təşkil olunacaq. Püşkatma ilə bağlı komandamızın baş məşqçisi İlqar Aslanov azfutzal.az-a açıqlama verib:
“Rəqibimiz məlumdur. Bu gün asan rəqib yoxdur. Kosovo komandasını xüsusilə fərqləndirərdim. Onlar sürətlə inkişaf edirlər. Digər milliləri də unutmaq olmaz. Amma San Marino ilə müqayisədə bu komandanın güclü olduğunu deyə bilərəm. Biz də çempionata uğur qazanmaq üçün qatılırıq. Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır. Mümkün qədər yaxşı hazırlıq keçməyə çalışırıq.
Yaşla əlaqədar heyətimiz demək olar, yenilənib. Amma Yüksək Liqanın oyunlarının başlamağı xeyrimizədir. Uşaqlar oyun təcrübəsi qazanırlar”.