...

“Qələbə qazanmaq üçün mübarizə aparacağıq”


Dekabrın 17-də Avropa çempionatının əsas mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışı davam etdirir. Dekabrın 9-dan bir araya gələn komanda məşqlərini “Olimpik Star”da həyata keçirir. Bu gün millinin KİV üçün açıq məşqi keçirilib.

Məşqdən əvvəl baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandırıb: “Bazar ertəsindən hazırlığımız davam edir. Plana uyğun olaraq, bəzən gün ərzində bir, bəzən isə iki məşq keçirik. Komandada ab-hava yaxşıdır. Təbii ki, məqsədimiz seçmə mərhələyə qələbə ilə başlamaqdır”. Baş məşqçi komandamızın yer aldığı qrupda oyunlara start verildiyini də qeyd edib: “İsveçin Yunanıstanla keçirdiyi oyunu izlədik. Oyunla hesab bəlkə də uyğun gəlmədi. Çünki meydan sahibləri daha çox hücum edən tərəf idi. Onlardan fərqli olaraq, yunanlar qol fürsətlərindən yaxşı istifadə etdilər və qələbə qazandılar. Biz də doğma meydanda qələbə qazanmaq üçün mübarizə aparacağıq”. O, komandanın yenidən formalaşdığını da söyləyib: "Bilirsiniz ki, əcnəbi (milliləşdirilmiş) oyunçular artıq milliyə dəvət almırlar. Gənc futzalçıları izləyirik, diqqətimizi cəlb edən, potensialı olanlar komandaya dəvət alırlar. Sadəcə bu toplanışda tam heyətlə toplaşa bilməmişik. Emin Kürdov və Kənan Manafov zədəli olduğuna görə, İsveçlə oyunda milliyə kömək edə bilməyəcək".

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç oyunu saat 20:00-da başlayacaq.