...

“Hər şey öz əlimizdədir”


AVRO-2026-nın əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisi sabah İsveçlə qarşılaşacaq. Komandamız dekabrın 9-dan təlim-məşq toplanışına yığışıb və hazırlığını plana uyğun şəkildə davam etdirir. Bu gün oyunöncəsi son məşqini keçirən millinin üzvü Xəzər Ağalızadə azfutzal.az-a açıqlamasında həm toplanışı dəyərləndirib, həm də rəqiblə bağlı fikirni bildirib:

“Bir həftədən çoxdur ki, təlim-məşq toplanışındayıq. Həm taktiki, həm də fiziki planda çalışmalar yerinə yetirdik. Bu gün Bakı idman Sarayında ilk, ümumilikdə isə oyuna hazırlıq baxımından son məşqimizi keçirdik. Komanda olaraq çox istəkliyik. Doğma meydan amili və azarkeş üstünlüyünü lehimizə çevirməliyik. Maraqlı görüş olacağını düşünürəm. Təəssüfləndiyim məqam odur ki, kapitanımız Emin Kürdov və hücumçu Kənan Manafov zədə səbəbindən bizə kömək edə bilməyəcək”.

Millinin aparıcı üzvlərindən olan futzalçı İsveçlə bağlı da danışıb: “UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu ölkənin çempionu  - “Uddevalla” ilə qarşılaşmışdıq. İsveç millisinin əksər üzvləri bu klubda toplaşıb. Bundan başqa, İsveçin Yunanıstanla görüşünü də izləmişik. Müəyyən məlumata sahibik. Baş məşqçimiz də müəyyən tapşırıqlar verib. Məncə, hər şey öz əlimizdədir. Sabah birlikdə uğur qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq. Azarkeşlərimizin bu oyunda bizi dəstəkləməsini istərdim”.

Qeyd edək ki, oyun dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək görüş CBC Sport-la canlı yayımlanacaq. Azarkeşlər üçün zala giriş biletsiz olacaq.