Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Gündə iki dəfə parket üzərinə çıxan gənclər fiziki və taktiki planda çalışır.
3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçının iştirak etdiyi toplanış yanvarın 23-də başa çatacaq və komanda gecəyarısı qrup oyunlarının keçiriləcəyi San Marinoya yola düşəcək. Yanvarın 12-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyununda “Metropoliten”i məğlub edən (9:2) milli həftəsonu daha bir rəsmi görüş keçirəcək. İlqar Aslanovun baş məşqçisi olduğu komanda bu dəfə ¼ final mərhələsinin oyununda “Şuşa” ilə üz-üzə gələcək. Məşqçilər korpusu səfərə qədər daha bir görüşdə komandanı sınamağı düşünürlər. Sparrinq-rəqibin adı və oyunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, U-19 AÇ-2025-in ilkin mərhələsinin B qrupunda yanvarın 25-də Kosovo, ertəsi gün San Marinodan olan həmyaşıdları ilə qarşılaşacaq. Oyunlar San Marinoda təşkil olunacaq. Baş məşqçi İlqar Aslanov səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparacaq.