Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan millisi Yunanıstanla oyunöncəsi son məşqini keçirib. Hazırlıq prosesi başa çatdıqdan sonra baş məşqçi Vitali Borisov azfutzal.az-a komandanın durumu ilə bağlı açıqlama verib:
“Xorvatiya səfərindən sonra uşaqlarda yorğunluq olduğuna görə, bir qədər istirahət verdik. Bakıya döndükdən sonra iki məşqimiz oldu. Komanda olaraq məğlubiyyəti unutmalı, Yunanıstanla görüşə köklənməliyik. Çünki qarşıdakı 3 oyun – Yunanıstanla iki, İsveçlə səfərdəki görüş bizim üçün final seriyasıdır. Xüsusilə də sabahkı matç çox vacibdir.
Bakıya döndükdən sonra heyətdə bir dəyişiklik etmişik. İlham Alıyevin əvəzinə Seymur Məmmədovu komandaya dəvət etdik. Seymur zədəsini sağaldıb. O, daha təcrübəli futzalçıdır və müdafiədə bizə çox kömək edə bilər. Heyətimizdə müdafiəçilərin sayı azdır. İlham gəncdir, perspektivli futzalçıdır, onun da xidmətindən digər matçlarda istifadə edəcəyik.
Yunanıstanın oyununu analiz etmişik. Zəif və güclü tərəflərini gördük, uşaqlara necə oynamalı olduqlarını başa saldıq. Nə dərəcədə alınacaq, bunu sabahkı matçda görəcəyik”.