Avropa çempionatının əsas mərhələsində çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Komandamız Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb. İlk matçla müqayisədə baş məşqçi İlqar Aslanov “5-lik”də 2 dəyişiklik edib. Qapıda bu dəfə Hüseyn Abdulov yer almışdı. Nazim Hüseynovun əvəzinə isə Oqtay Mahmudzadə ilk saniyələrdən meydanda idi. Qrupun favoritlərindən sayılan xorvatlar 3-cü dəqiqədə hesabı açsa da, futzalçılarımız fasiləyə üstün yollanmağı bacardı. 7-ci dəqiqədə Fariz Hüseynov tablodakı rəqəmləri eyniləşdirdi. 10 dəqiqə sonra Ədalət Ələkbərov millimizi hesabda önə keçirdi. İkinci hissədə də komandamızın fərqi artırmaq üçün imkanları oldu. Ancaq 27-ci dəqiqədə yığmamız meydanda azlıqda qaldı. Abdulov rəqib hücumun qarşısını alan zaman cərimə meydanından kənarda topu əli ilə qaytardı ki, belədə referi qırmızı vərəqədən istifadə etməli oldu. 2 dəqiqə azlıqda mübarizə aparan futzalçılarımız rəqibə fərqlənmək imkanı vermədi. 35-ci dəqiqədə hesab yenidən bərabərləşdirdi. Son dəqiqə azı 2 epizodda futzalçılarımız topu rəqibdən “oğurlasa” da boş qapıya düşə bilmədi. Meydan sahibləri isə 12 saniyə qalmış hesabı xeyrinə dəyişdi. Amma sona qədər mübarizəni davam etdirən futzalçılarımız son saniyə qolu ilə tarixi nəticə qazandı. Belə ki, bu heç-heçə U-19-un əsas mərhələdə qazandığı ilk xal oldu. Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xorvatiya - Azərbaycan (1:2) 3:3
27 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 22:00
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 // Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59
Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02
Xorvatiya
12. Leon Tomiç (q), 6. Sven Kuliç, 7. Şimun İvo Barişiç (k), 10. Leon Ferençek, 14. Petar Şarçeviç, 1. Marin Juriç (q), 3. Tomislav Miliç, 4. Nikola Matiç, 5. Dino Paçko, 8. İvano Peruşko, 9. Pino Reçiç, 11. İvan Posaveç
Baş məşqçi: Duje Maretiç
Azərbaycan
1. Hüseyn Abdulov (q, k), 5. Rəvan Məşiyev, 6. Oqtay Mahmudzadə, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə, 12. Əli Həsənzadə (q), 10. Nazim Hüseynov, 2. Elgün Sadıqlı, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Fariz Hüseynov, 14. Rəvan Quliyev
Baş məşqçi: İlqar Aslanov