Xəbər verdiyimiz kimi, Yüksək Liqada 2018-2019-cu il mövsümünə start verilib.
Cari mövsümün ilk qolu “Xəzər Cənub” – “Neftçi” İK qarşılaşmasında vurulub. Oyunun 6:20-ci dəqiqəsində “Neftçi”nin iranlı legioneri Məhəmməd Katebi hesabı açıb. Bu qol 2018-2019-cu il mövsümünün “siftə”si olub. Maraqlıdır ki, Katebi mövsümün daha bir “siftə”sinə imza atıb. O, oyunun başa çatmasına 24 saniyə qalmış ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. Bununla da cari mövsümdə ilk qırmızı vərəqə elə açılış matçında referi Elçin Məmmədov tərəfindən Katebiyə göstərilib. İki illik fasilədən sonra Yüksək Liqaya dönən Vitali Borisov isə sarının “siftə”ni passivinə yazdırıb. Təcrübəli futzalçı “Xəzər Cənub”la matçın 13:33 dəqiqəsində idmançıya yaraşmayan hərəkət etdiyinə görə sarı vərəqə alıb. Çempionatın ilk böyükhesablı qələbəsini isə debütant – “Liman” aktivinə yazdırıb. Lənkəran təmsilçisi daha bir debütantla dueldə rəqibini 12:3 hesabı ilə üstələyib. Avtomatik olaraq mövsümdə ilk böyükhesablı məğlubiyyət isə “Yasamal İdman-Sağlamlıq Klubu”nun xanasına yazılıb. Çempionatın ilk dublna Ali Abdollahi nail olub. İranlı legioner “Xəzər Cənub”un qapısına 2 dəfə yol tapıb. “Xəzər Cənub”un üzvü Mehdi Pənahande isə het-trik edib. “Neftçi” ilə qarşılaşmanın sonlarına yaxın o, 3 dəfə 10 metrlik zərbəni dəqiq yerinə yetirib. Futzalçı həmin matçda da 2 belə zərbə vurmaq hüququ qazansa da, qeyri-dəqiq olub. “Liman”dan Hosseyin Fatihzadeh isə pokerlə mövsümün tarixinə düşüb. İranlı futzalçı “Yasamal” İSK ilə qarşılaşmada rəqib qapısına 4 dəfə yol tapıb. Mövsümün ilk qələbəsini “Neftçi” qazanıb. Matçı xalsız başa vuran ilk komanda isə “Xəzər Cənub” olacaq. Heç-heçə isə turun ikinci qarşılaşmasında qeydə alınıb. Söhbət “Yasamal” FK – “Araz” matçından gedir. Yayımla bağlı CBC Sport televiziya kanalının “siftə”si də bu matça təsadüf edib. Son çempionla “Yasamal” FK-nın dueli canlı yayımlanıb.