Bu gün Yüksək Liqada XX turun oyunları keçirilib. Bununla da çempionatda 2024-25-ci illər mövsümünə yekun vurulub. Son turda ilk qələbəni “Şuşa” qazanıb. “Yasamal Bakı” isə mövsümü xal qazanmadan başa vurub. Günün ikinci oyununda çempionluğu bir tur əvvəldən təmin etmiş “Araz-Naxçıvan” gənclər millisinin üzvlərinin yer aldığı U-19-la qarşılaşıb. Bu oyun Amirhossein Rasouli üçün daha çox önəm kəsb edirdi. Belə ki, iranlı forvard bombardirlər yarışında önə keçmək üçün 10 qol vurmalı idi. Fasiləyə qədər rəqib qapısına 4 dəfə yol tapan Rasouli ikinci hissədə də 15 qol vurmağı bacardı. Yekunda “Baku Fire”dən İaqonu qabaqlaran forvard çempionatın bombardiri olub. CBC Sportla II Liqada çıxış edəcək komandanı müəyyənləşdirmək üçün pley-off oyunu yayımlandığına və matç əlavə vaxt getdiyinə görə, turun son oyunu - “Baku Fire” – “Neftçi” təyin olunan vaxtdan 20 dəqiqə gec başlayıb. Bu qarşılaşma gümüş və bürünc medalçının taleyinə aydınlıq gətirib. İkinci pillədə yer alan və rəqibindən 1 xal artıq toplayan “Baku Fire” üçün məğlub olmamaq yetərli idi. Nominal meydan sahibi görüşün çox hissəsini ənənəvi oyun üslubuna uyğun – qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirib. Hesabı da “5-ci oyunçu” kimi meydana çıxan Nurlan Mehdizadə açıb. Fasiləyə 41 saniyə qalmış hesaba tarazlıq gətirilib. Vahib Xocayev fərqlənib. Oyunda növbəti dəfə hesab 39-cu dəqiqədə dəyişdi. Bu dəfə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi” topu qapısında gördü. Fərid Abbasov qələbə qolunu vurdu.
Şuşa – Yasamal Bakı (3:2) 10:4
29 may. Bakı İdman Sarayı. Saat 13:30
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Füzuli Nəcəfov
Araz-Naxçıvan – U-19 (6:1) 22:1
29 may. Bakı İdman Sarayı. Saat 15:30
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Bəxtiyar Osmanov
Hakim-inspektor: Elçin Səmədli
Baku Fire – Neftçi İK (1:1) 2:1
29 may. Bakı İdman Sarayı. Saat 18:45
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hacıəli Ağayev
Hakim-inspektor: Murad Məmmədov