Azərbaycan kubokunda bu gün final oyunu keçirilib. Həlledici matçda ölkə çempionu “Araz-Naxçıvan”la Birinci Liqanın gümüş medalçısı PFL qarşılaşıb. Oyundan əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra start fiti verilib. Kubokun son qalibi “qırmızı-ağlar” görüşə ciddi itkilərlə çıxıb. Belə ki, legionerlər ölkələrinə yollandığından, final matçına ancaq yerli futzalçılarla çıxmışdı.
Hesabı PFL açsa da, cavab qolunu gözləmək çox çəkmədi. Ancaq fasiləyə qədər nominal qonaqlar daha 2 dəfə fərqləndi.
İkinci hissədə də ilk qolu PFL vurdu və fərqi artırdı. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Araz-Naxçıvan” rəqibin fərqi artırmasının qarşını ala bilmədi. Beləliklə böyükhesablı qələbə sayəsində PFL sayca 29-cu Azərbaycan kubokunun qalibi oldu.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. Əvvəlcə hakim-inspektor və hakimlərə xatirə diplomu təqdim olundu. Ardınca final matçının ən yaxşısı fəxri tribunaya dəvət olundu. Görüşdə 4 qol vuran PFL-in üzvü Elçin İsmayılov ən yaxşı oyunçu mükafatına layiq görüldü. Daha sonra “Araz-Naxçıvan”a gümüş, PFL-lə isə qızıl medal və ölkə kuboku təqdim edildi.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim edib.
Araz-Naxçıvan – PFL (1:3) 1:7
5 iyun. Olimpik Star. Saat 14:00
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qollar: Xəzər Ağalızadə, 7:00 // Elçin İsmayılov, 5:12, 20:51, 33:28, 35:19, Nicat Qafarlı, 17:17, Raqif Eyvazov, 19:36, 30:30