Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. Komandamız əvvəlcədən də xəbər verdiyimiz kimi, Danimarka yığması ilə qarşılaşıb. İlk oyunla müqayisədə millimizin baş məşqçisi Yevgeni Kukseviç 14-lükdə 3 dəyişiklik etmişdi. Emin Kürdov, Kamran Hacıyev və Qüdrət Qasımzadənin əvəzinə Rövşən Hüseynli, Cavad Məmmədov və Tofiq Əliyev protokola daxil edilmişdi. Məqsəd toplanışa dəvət olunan bütün futzalçıları yoxlamaq idi. Nurlan Məmmədov isə səhhətində yaranmış problemlə əlaqədar bu görüşlərdə iştirak edə bilməyib.
Hesab 8-ci dəqiqədə açıldı. Rəqibdən topu “oğurlayan” futzalçılarımız qol sevinci yaşadı. Boş qapını dəqiq nişanm alan Fərid Abbasov oldu. 15-ci dəqiqədə rəqib status-kvonu bərpa etsə də, 18-ci dəqiqədə komandamız yenidən üstünlük qazandı. Bu dəfə Fərid Abbasov əla ötürmə ilə Emilin fərqlənməsinə şərait yaratdı. 30-cu dəqiqədə Cavad Məmmədov birbaşa qırmızı vərəqə aldığına görə, komandamız 2 dəqiqə azlıqda oynamalı oldu. Bu da rəqibin işinə yaradı və 30-cu dəqiqədə hesabı bərabərləşdirdi. Bərabərlik cəmi 1 dəqiqə davam etdi. Bu dəfə Ədalət Ələkbərli rəqibində sıyrılaraq qapıçı ilə təkbətək mübarizədən qalib ayrıldı. 34-cü dəqiqədə rəqib tam heyətlə hücumda olan zaman topu tutan Rövşən Hüseynli boş qapını nişan almaqla fərqi 2 topa çatdırdı.
Azərbaycan – Danimarka (2:1) 4:2
Yoldaşlıq oyunu
24 yanvar. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Qollar: Fərid Abbasov, 7:18, Emil Həsənzadə, 17:58, Ədalət Ələkbərov, 30:39, Rövşən Hüseynli, 33:09 // Mads Falk, 14:53, Ruben Vinther, 29:55
Sarı vərəqələr: Murad Quluzadə, 38:22 // Esajas la Kour, 2:35
Qırmızı vərəqə: Cavad Məmmədov, 28:53
Azərbaycan
12. Rövşən Hüseynli (q, k), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 15. Novruz Kazıxanov, 19. Cavad Məmmədov (q), 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə, 11. Eldar Zeynalov, 14. Tofiq Mikayılov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov
Baş məşqçi: Yevgeni Kukseviç
Danimarka
1. Villiam Rams (q), 5. Mohammed Youseef, 6. Abbas Zankaneh, 10. Mads Falk (k), 15. Tobias Veng, 16. Niklas Fuchs-Kristiansen (q), 2. İbrahim Badran, 3. Ruben Vinther, 4. Kornelius Ambek-Norgaard, 7. Kasper Rasmussen, 8. Rasmus Philipsen, 9. Esajas la Kour, 11. Hans Riken, 12. Zlatan Henic
Baş məşqçi: Nikolay Saabye