UEFA Çempionlar Liqasının 2026-2027-ci illər mövsümünün reqlamenti açıqlanıb. Yarış ötən il olduğu kimi keçiriləcək. Bu dəfə də ilkin və əsas mərhələnin oyunları mini-turnir şəklində baş tutacaq. Oyunlar qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə keçiriləcək. Milli komandaların son reytinq cədvəlində (aprel) ilk “4-lük”də yer alan ölkələrin hər biri 2 klubla təmsil olunacaq. Rusiya cəzalı olduğuna görə, Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda yarışacaqlar.
İlkin və əsas mərhələnin püşkü: 8 iyul
İlkin mərhələnin oyunları: 25-30 avqust
Əsas mərhələnin oyunları: 27 oktyabr – 1 noyabr
1/8 və ¼ finalın püşkatması: 4 noyabr
1/8 final oyunları (ev və səfər): 23 noyabr, 4 dekabr
1/4 final oyunları (ev və səfər): 8 və 19 fevral 2027
Final: 6 və ya 7 // 8 və ya 9 may 2027
İlkin mərhələ
Aşağı reytinqli komandalar oyunlara bu mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Mini-turnirin qalibləri (saydan asılı olaraq ən yaxşı ikinci yerin sahibi də ola bilər) əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələ
A yolu
Reytinq cədvəlinin 1-11 və 16-19-cu yerlərində qərarlaşan klublar burada mübarizə aparacaqlar. Hər birində 4 iştirakçı olacaq. İlk 3 yeri tutan klublar 1/8 finala yüksələcək.
B yolu
12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda mübarizə aparacaqlar. Ancaq birinci yeri tutacaq 4 klub 1/8 finalda iştirak edəcək.
1/8 final
Ötən mövsüm ilk dəfə tətbiq edilən və elit raundu əvəz edən bu mərhələdə komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf ¼ finala adlayacaq.
¼ final
Burada da şərtlər dəyişməyəcək. Eyni rəqiblər evdə və səfərdə üz-üzə gələcəklər. Yekunda üstünlük qazanan tərəf final mərhələsinə yollanacaq.
Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasının yeni mövsümündə də “Araz-Naxçıvan” təmsil edəcək. Komandamızın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.