...

“İnandığım, güvəndiyim oyunçular özlərinə bənzəmədilər”


Avropa çempionatının əsas mərhələsi çərçivəsində Kiprlə keçirilmiş oyundan sonra 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ağatahir Əzimov azfutzal.az saytına açıqlama verib.

 

“Kipr yığması ilk mərhələdən vəsiqə qazansa da, güclü və təşkilatlanmış komandadır. Hiss olunur ki, çox çalışıblar.  Boy-buxunlarına, fiziki göstəricilərinə görə də çox seçilirdilər. Meydanda nə etdiklərini bilirdilər. Bizim uşaqlar da mübarizə apardılar. Ancaq onlar o güc baxımından o qədər fərqlənirdilər ki, hətta gövdələri ilə toxunmaqla bizim oyunçunu mübarizədən kənarlaşdırırdılar.

Hollandiyaya gəldikdə, Sloveniya ilə oyunlarını izlədim. Meydan sahibi komandanı udublar. Yaxşı “stolba”ları, müdafiəçiləri var. Düzdü, onlar Kipr qədər sürətli oynamırlar. Daha çox fərdi oyuna üstünlük verirlər. “Stolba”ları topla yaxşı oynayır, epizodlar yaradır. Yəni fərqli oyun üslubuna malik komandadırlar. Sürətli oynamırlar. Məncə, biz bu gün daha yaxşı oynayacağıq. Dünən oyunumuz alınmadı. Uşaqlar can yandırdılar, güclərini sərf etdilər, amma oyunumuz sanki getmədi. Topla biz daha yaxşı idik. Fərqimiz onda idi ki, biz epizodları boşa verirdik, onlar realizə edirdilər. Qolların da çoxunu öz səhvlərimizdən buraxdıq. Ya oyunçunu boş buraxırdıq sonra çata bilmirdik, ya da təkətək mübarizələri uduzurduq. Yenə deyirəm, bərabər epizodlarda çox güclüdürlər, düzgün və vaxtında boş mövqelərə açılırdılar, yorulmurdular, gücləri çoxdu.

İnandığım, güvəndiyim oyunçular özlərinə bənzəmədilər. Bilmirəm həyəcanlı idilər, ya rəqibdən qorxdular. Təsəvvür edin, zədəli olduğuna görə kənarda oturan futzalçım axsaya-axsaya yaxşı oyun gözlədiklərimdən üstün çıxış etdi.

Burda bizdən başqa 3 komanda var. Kənardan baxanda fiziki göstəricilərinə görə bizdən çox üstün görünürlər. Sanki, onların yanında balaca uşaqlara bənzəyirik”.