...

“Biz epizodlarımızdan istifadə edə bilmədik…”


Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ağatahir Əzimov Hollandiya ilə oyundan sonra azfutzal.az saytına açıqlama verib:

“Hollandiyaya qarşı uşaqlar pis oynamadılar. Bərabər səviyyəli oyun idi. Yenə eyni şeylər təkrarlandı – biz epizodlarımızdan istifadə edə bilmədik, rəqib isə əksinə, hər şansını qola çevirdi. Oyunda hesab 0:0 olan vaxt təkbətək çıxmışdıq. Qol vurmalı olduğumuz epizodda qapıçını məyus edə bilmədik, əvəzində rəqib əks-hücuma çıxdı və bizi bağışlamadı. Belə qollar buraxdıq. Azərbaycan çempionatındakı oyunlarımızdakı çatışmazlığı burda da yaşadıq. Razıyam, Avropa çempionatının oyununda Birinci Liqadakı qədər epizod yarada bilmədik, ancaq hesabı lehimizə çevirmək üçün şansımız az olmadı. Son məqamda sanki uşaqların ayaqları əsir, qorxurlar. Halbuki həmin anda ötürmə etmək lazımdı. Öz səhvlərimizdən uduzduq. Nə Kiprlə, nə də Hollandiya ilə qarşılaşmada hesab belə olmalı idi. Oyun gedir, mübarizə aparırıq, ancaq məqamda işimizin öhdəsindən gələ bilmirik. Qol vura bilmiriksə, qələbə qazanmağımız da mümkün deyil. Oyunun videoyazısına baxsanız dediklərimin şahidi olacaqsınız. Bu da təcrübəsizlikdən irəli gəlir”.