Avropa çempionatının əsas mərhələsinin son oyununda Slovenya ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ağatahir Əzimov azfutzal.az-a açıqlama verib:
“Final mərhələsinə Hollandiya vəsiqə qazansa da, Sloveniyanı qrupumuzun ən güclü komandası hesab edirəm. Anlaya bilmirəm ki, Hollandiyaya necə uduzdular. Hiss olunur ki, bu komandanın üzvləri məktəb keçiblər, uzun müddətdir bir yerdə oynayırlar. Oyuna gəldikdə, fikrimdə qalıram, yaxşı oyun gözlədiyim uşaqlar ümidləri doğrultmadılar. Bəziləri rəqibdən çəkindilər, bəziləri isə mübarizə aparmağa çalışdılar. Biz yalnız fiziki göstəricilərə görə deyil, digər komponentlərdə də onlardan geri qalırdıq. Ustalığımız çatmırdı. Təkbətək epizodlarımız oldu, amma istifadə edə bilmədik. 4-5 qolu isə uzaq məsafədən vurulan zərbələrdən sonra buraxdıq. Bir oyunda qapıçımız yaxşı dayanır, komandaya kömək edir, əvəzində oyunçularımız zəif çıxış edir. Digər qarşılaşmada isə əksinə olur. Komanda şəklində hələ formalaşmamışıq. İrad bildirəndə, oyunçu deyir ki, məni keçmədilər ki, filankəsin oyunçusu idi. Belə düşünmək olmaz. Biz meydanda bir-birimizi sığortalamalıyıq. Bu Hollandiya ilə 2 il əvvəl U-17 səviyyəsində qarşılaşmışdıq. Müqayisə apardıqda nə qədər inkişaf etdiklərini görürük. Biz də gərək çox işləyək, fasilə verməyək. Bu işə başlamışıqsa, davam etməliyik.
Bir məqama da toxunum. Bizim heyətin 9 üzvü 2001-ci, rəqibin futzalçıları isə 2000-ci il təvəllüdlüdürlər. Bir yaş fərqi çox şey deməkdir. Bizim hazırkı heyətin 9 üzvündən növbəti seçmə mərhələnin oyunlarında da istifadə etmək olar”.