Xəbər verdiyimiz kimi, sentyabrın 23-də, saat 16:00-da, Bakı İdman Sarayında Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Oyundan əvvəl bu komandalar arasında indiyə qədər keçirilmiş qarşılaşmaların statistikasına diqqət yetirdik və maraqlı faktlarla qarşılaşdıq. Millimiz indiyə qədər ən böyük hesablı qələbəsini məhz Qazaxıstanla oyunda əldə edib. Gürcüstanda 2002-ci ildə təşkil edilmiş turnirdə iştirak edən komandaların duelində millimiz 14:2 hesablı qələbəyə sevinib. Bu komandamızın 12 top fərqi ilə qələbə qazandığı hələ ki, yeganə oyundu. Rəqibin isə bu qədər top fərqi ilə məğlub olduğu ikinci qarşılaşmadı. İlk dəfə 1996-cı ildə İranda bu ölkənin millisinə 12 top fərqi ilə uduzan qazaxlar növbəti belə yenilgi ilə 6 il sonra barışmalı olub. Bu iki nəticə Qazaxıstan millisinin antirekordudu. Komandalar ümumilikdə 5 dəfə üz-üzə gəlib. Bu matçlardan biri rəsmi, digər dördü beynəlxalq turnirlər çərçivəsində baş tutub. Avropa çempionatının Bakıda keçirilmiş seçmə qrup mərhələsi çərçivəsində millimiz rəqibindən güclü olub. Ümumilikdə 3 matçda qələbə qazanan komandamız bir dəfə meydanı məğlub tərk edib. Ötən il İranda keçirilmiş turnirdə isə heç-heçə qeydə alınıb. Millimiz 28 qol vurub, rəqibin 15 dəfə qol sevinci yaşamasına mane ola bilməyib. İindiyə qədər keçirilmiş oyunların nəticələrini diqqətinizə çatdırırıq:
28.07.2002. BT. Azərbaycan – Qazaxıstan 14:2 (Gürcüstan)
18.01.2008. BT. Azərbaycan – Qazaxıstan 4:3 (Azərbaycan)
24.02.2011. AÇSO. Azərbaycan – Qazaxıstan 6:3 (Azərbaycan)
01.12.2014. BT. Azərbaycan – Qazaxıstan 1:4 (Özbəkistan)
06.12.2017 BT Azərbaycan – Qazaxıstan 3:3 (İran)