...

“Pley-off mərhələsi başqa aləm idi”


Ölkə kubokunu qazanan EKOL mövsümü titulla başa vurmağı bacardı. Final matçının ən yaxşısı seçilən Namiq Məmmədkərimovla mövsümü dəyərləndirdik. Təcrübəli futzalçının azfutzal.az-a müsahibəsini təqdim edirik:

 

- Final oyunu EKOL üçün gözləniləndən asan keçdi sanki…

- Əslində, biz finalda “Xəzər Cənub”la qarşılaşacağımızı gözləyirdik. Hazırlığımızı də ona uyğun keçmişdik. “Advokat” komandası İkinci Liqada çıxış etsə də, oyuna yanaşmamız dəyişməmişdi. Çünki final cəmi bir qarşılaşmadan ibarətdir və qalib gələn kuboka sahib çıxacaqdı. Təbii ki, rəqibimizə hörmətlə yanaşırdıq. Nə gizlədim, “Advokat”ın finalda oynaması mənim üçün sürpriz oldu. Onlar da son oyuna asan yolla gəlməmişdilər.

- Oyunun ən yaxşısı seçildiniz. Bu cür fərqlənmələr futzalçılara nə kimi motivasiya verir?

- Əlbəttə, istənilən idmançı üçün hansısa nominasiyanın qalibi olmaq, fərqlənmək sevidiricidir. Mən də final oyununun ən yaxşısı seçildiyim üçün qürur hissi keçirdim. Sözsüz, meydana çıxanda ilk işimiz hansısa nominasiyanın qalibi olmaq yox, komandanın uğur qazanmasına kömək etməkdir. Həm də bu cür nominasiyalar məsuliyyəti artırır və növbəti mövsümdə daha yaxşı oynamağa vadar edir.

- EKOL mövsümü titulla başa vurdu. Bürünc medal və ölkə kubokunu EKOL üçün uğurlu hesab etmək olarmı?

- Mövsümə başlayanda məqsədimiz mükafatçılar sırasında yer almaq idi. Biz də Yüksək Liqanın bürünc medalını qazandıq, ölkə kubokunun qalibi olduq. Məncə, komandamız üçün mövsümü uğurlu hesab etmək olar. Bu münasibətlə komanda yoldaşlarımı və rəhbərliyi təbrik edirəm.

- Bəs Yüksək Liqanın başa çatan mövsümü ancaq bürünclə yadda qaldı?

- Niyə ki? Oyunlar kifayət qədər maraqlı keçdi. Düzdü, zəif komandalar da vardı. Ancaq pley-off mərhələsi başqa aləm idi. Oyunlar gözləniləndən də gərgin keçdi. Bu ilə çempionluğu onu qazanan kollektiv asan əldə etmədi. Fikir verdinizsə, pley-off oyunlarına maraq da böyük idi. Azarkeşlərin sayı da xeyli dərəcədə artmışdı. Bunun səbəbi həm oyunların gərgin keçməsi, həm də CBC Sport kanalının artıq ikinci mövsümdür ki, oyunlarımızı canlı yayımlamasıdır. Bu kanalın kollektivinə təşəkkür edirik. Onlar bizdən az əziyyət çəkmirlər.

- EKOL qış fasiləsinə lider yollansa da, bunun davamını gətirə bilmədi. Qızıla gedən yolda komandaya nə çatmadı?

- Sona yaxın bir qədər gücümüz tükəndi. Heyətimizdə zədəli və cəzalı oyunçular oldu ki, çıxışımıza mənfi təsir göstərdi. Həm də EKOL pley-off-da çıxış edən komandalar arasında sırf yerli futzalçılardan qurulmuş yeganə kollektivdir.

- Karyeranla bağlı qərarın necədir: davam edirsən?

- Klubda çıxışımı davam etdirmək istəyirəm, etdirəcəm də. Ancaq milli ilə bağlı qərar verməliyəm. Rəhbərliklə və baş məşqçi ilə danışacam, çətin də olsa millidəki karyeramı başa vuracam. Artıq bütün diqqətimi klubumun çıxışına yönəldəcəm.