Rövşən Hüseynlinin “Torpedo”ya transferindən sonra qapıçı axtarışına çıxan “Araz-Naxçıvan” axtradığını Rusiyada tapdı. “Spartak-Donetsk” klubu fəaliyyətini dayandırdığına görə, Rostov təmsilçisinin üzvlərinə azad agent statusu verilib ki, ölkə çempionu da bundan yararlanıb. Bir həftəyə yaxındır ölkəmizdə olan Dmitri Bondarev təəssüratlarını bu şəkildə ifadə etdi:
“Açığı, bu dərəcədə mehriban qarşılanacağımı gözləmirdim. Artıq hava limanından başlayaraq xoş, isti münasibəti hiss etdim. Komanda yoldaşlarım da özümü yad kimi hiss etməyimə imkan vermirlər. Əla kollektivə qoşulmuşam. Məşqlərdə də çalışıram ki, oyunçularımızı tanıyım, adaptasiyanı tez başa vurum. Çünki qarşıda gərgin oyunlar bizi gözləyir”.
Rusiyalı qolkiper 2 gün əvvəl debüt etdiyi oyun haqda geniş danışmaq istəməməsinin səbəbini isə belə izah edib: “Debütüm “Baku-Fire”lə oyunda oldu. Həmin matçda baş məşqçimiz taktiki dəyişikliklər etmişdi. Oyunun çox hissəsini 5-in 4-ə (qapıçını da meydan oyunçusu əvəz edir) keçirdik. Belədə ehtiyatda daha çox qaldım. Ona görə də rəqibin gücünü tam hiss edə bilmədim. Təbii ki, rəqibimiz çempionatdan fərqli olaraq pley-off mərhələsində fərqli oyun nümayiş etdirəcək. Bu tək “Baku Fire”ə aid deyil, digər komandalar üçün də keçərlidir. Rusiya çempionatında bu atmosferi çox görmüşəm. Həm də “Baku Fire” oyuna 2 əsas futzalçısı olmadan çıxmışdı”.
“Araz-Naxçıvan”ı Rusiyanın hansı klubu ilə müqayisə edərdiniz” sualına qolkiperin cavabı belə oldu: “Rusiya Superliqasında dominantlıq edən klub yoxdur. Orada çempionlar tez-tez dəyişir. Bu mövsüm qalib olan komanda növbəti ildə titulunu qoruya bilmir və ya bacarırsa da, çətinliklə buna nail olur. Amma “Araz-Naxçıvan” illərdir ki, Azərbaycan çempionatının qalibidir. Ola bilsin, millinin üzvlərinin və baş məşqçisinin burada yer alması komandanın daha güclü olmasına təsir edir”.
Pley-off mərhələsi haqda isə D. Bondarev konkret fikir bildirmədi: “Komandaların gücünə tam bələd deyiləm. Cəmi 1 turun oyunları keçirilib. Həmin vaxtda da komandalar elə də güclü rəqiblərlə qarşılaşmayıblar. Öz komandamın gücünü belə tam dəyərləndirə bilmirəm. Lakin pley-off mərhələsinin matçlarının ağır keçəcəyini düşünürəm. Bu mərhələ çempionatın son akkordları olduğuna görə, heç kim geri çəkilməyəcək. Bacardığından da artığını etməyə çalışacaqlar ki, mövsümü qızılla tamamlasınlar. Əlbəttə, komandam üçün bir məqsəd var: çempion olmaq. Məni də bunun üçün dəvət ediblər ki, gərgin keçəcək oyunlarda kömək edim”.