...

“Komandamız 3 xal qazanmağa layiq idi”


Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirən Azərbaycan millisi İsveçlə qarşılaşıb. Meydan sahibi komandanın qələbəsi ilə başa çatan matç yığmamızın üzvü Rüstəm Bağırov üçün fərqli göstərici ilə yadda qalıb. Belə ki. Millidə debüt edən futzalçı qol da vurmağı bacarıb. Debüt görüşü haqda futzalçı bunları deyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. İsveçə də oyundan 2 gün əvvəl gəlməyimiz xeyrimizə olmuşdu. Çünki biz Bakıda parket örtükdə məşq edir və oynayırıq. Burada isə örtük terafleksdir. Bu örtükdə oynamaq çətindir. Oyuna gəldikdə, baş məşqçinin dediklərini etməyə çalışdıq. Yaxşı başladıq, ardıcıl 2 qol vurduq. Bunun davamını gətirmək üçün də şanslarımız oldu. Təəssüf ki, şanslardan düzgün istifadə edib fərqi artıra bilmədik. İkinci hissədə isə üstünlük rəqibdə idi. Belə alınmağında fiziki baxımdan onlardan geri qalmağımız rol oynadı. Məcbur olub müdafiədən oynadıq. Sadə səhvlərə yol verdik və oyunboyu qazandığımız üstünlüyü qoruya bilmədik. Halbuki birinci hissədəki oyuna və epizodlara görə biz qalib ayrılmalı idik.

Millinin heyətində ilk oyunuma çıxdım. Hər bir idmançının arzusu, stimuludur ki, ölkəsinin şərəfini qorusun. Oyunun gedişində qol hesabımı da açdım. Təbii ki, hər iki göstərici şəxsi karyeram baxımından yaxşıdır. Ancaq çox istəyərdim ki, Helsinqborqdan qələbə ilə dönək. Yenə deyirəm, komandamız 3 xal qazanmağa layiq idi.

Bu oyunu unudub aprelin 15-də Xorvatiya ilə keçirəcəyimiz matça köklənməliyik. Qrupda son oyunumuz olacaq. Doğma meydanda keçirəcəyik bu görüşü. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.