XƏBƏRLƏR
-
72-ci oyunun astanasında
Ölkə çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Təmsilçimiz Ukraynada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli ölkə çempionu “Uraqan”la yanaşı, Rumıniyanın “Yunayted Qalati” və Kosovonun “Liqeni” komandası ilə üz-üzə gələcək.
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. İndiyə qədər “Araz-Naxçıvan” bu turnirdə 71 oyun keçirib. 2005-ci ildə debüt edən təmsilçimiz iki dəfə “Dördlər finalı”na vəsiqə qazanıb və hər iki cəhddə bürünc medal qazanıb. Yeri gəlmişkən, çempionumuzun ikinci dəfə iştirakçısı olduğu “Dördlər finalı” 2014-cü ilədə Bakıda təşkil olunub. Onu da qeyd edək ki, 71 oyunun birində “Araz-Naxçıvan”a texniki məğlubiyyət verilib. Halbuki həmin qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu matçların 36-da “Araz-Naxçıvan” qələbə qazanıb, 9 görüşdə isə xallar yarı bölünüb. 26 oyunda meydanı xalsız tərk edən ölkə çempionu 279 qol vurub, 221 dəfə topu qapısından çıxarıb. “Araz-Naxçıvan”ı 3 oyuna Hacıbala Abdullazadə, sonrakı 6 matça isə Arkadi Belıy çıxarıb. Məmmədqulu Zeynalovun rəhbərliyi altında 3 beynəlxalq oyun keçirən təmsilçimiz Böyükağa Hacıyevlə 6 qarşılaşmada gücünü sınayıb. Tino Perez komandamızı 3, Milton Luiz Ziller Junior isə 6 görüşə çıxarıb. “Araz-Naxçıvan” ən çox meydana isə Alesionun rəhbərliyi altında çıxıb – 44 oyun.
UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır.
-
“Elə hesabla dönməliyik ki....”
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” Bakıdakı hazırlığını yekunlaşdırıb və komanda Bakı-İstanbul-Lvov reysi ilə səfər yollanıb. Suallarımızı cavablandıran komandanın təcrübəli üzvlərindən Ramiz Çovdarov itkilərə rəğmən, turnirə hazır olduqlarını bildirib.
-
İkinci Liqa: Qollar
İkinci Liqada 3 tur ərzində 79 futzalçı qol vurub. Mehdi Əzimzadə isə ən çox qol sevinci yaşayan futzalçıdır.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada sarı vərəqələrin göstəricisi açıqlanıb. Bir futzalçının passivində 3 sarı vərəqə var.
-
Birinci Liqa: Qollar
Birinci Liqada keçirilmiş 3 turdan sonra ən məhsuldar oyunçu Samir Həsənov və Mirkamil Əliyevdir. Müvafiq olaraq “Standard”ın və “Şuşa”nın hücumçusu 10 qol vurub.
-
Heyətdə dəyişiklik edilib
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib. Yüksək Liqanın IV turu çərçivəsində keçirilmiş “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğuna görə, futzalçı heyətdən kənarlaşdırılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək. Qeyd edək ki, Rizvan Fərzəliyev də zədəli olduğuna görə komanda ilə birlikdə səfərə çıxa bilməyəcək.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada keçirilmiş 3 turdan sonra sarı vərəqələrin göstəricisində 3 futzalçı “lider”dir. Tofiq Hüseynov (Star karqo), Taleh Muradov (ADBTİA) və Teymur Nəsibov (Metropoliten) passivindəki 2 sarı vərəqə ilə təhlükəli zonaya ən yaxın olanlardır.
-
Yüksək Liqa: Qol vuranlar
Yüksək Liqada qol vuran futzalçıların siyahısı açıqlanıb. Siyahıya Namiq Məmmədkərimov başçılıq edir. Onu aktivində 8 qol var. “Araz-Naxçıvan”ın braziliyalı legioneri Felipinyo ondan cəmi 1 top az vurub.